XX əsr rəssamlıq məktəbimizin formalaşması və inkişafında Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Asəf Cəfərov, Tofiq Ağababayev və bir çox tanınmış rəssamlarımızın əvəzsiz xidmətləri olub. Bəs bu görkəmli sənətkarların müəllimi kim olub? Bu yazımızda Xalq rəssamı Kamil Xanlarovun ömür və sənət yoluna nəzər salacağıq.
Kamil Əli Abbas oğlu Xanlarov 1915-ci ildə Bakıda dünyaya göz açıb. Erkən çağlardan onda rənglərə maraq özünü göstərib. Bu həvəslə Rəssamlıq Məktəbinə daxil olub. Burada İlya Rıjenko, Marqarita Əfəndi, Salam Salamzadə və başqalarından sənətin sirlərini öyrənib. Bu dövrdə “Kənddə iclas” adlı ilk əsərini çəkir və sərgiyə təqdim edir. Gənc rəssamın sənət debütü uğurlu olur. Diqqətdən yayınmayan əsər müəllifini sərgi iştirakçılarına tanıdır və sevdirir. Bundan həvəslənən Kamil təsviri sənətin müxtəlif janrlarına müraciət edir.
Araşdırmalarda qeyd olunur ki, rəssamın II Dünya müharibəsindən əvvəlki yaradıcılığında tarixi-inqilabi mövzularda çəkdiyi əsərlər (“Məzdək ölüm hökmündən əvvəl”, “Cavanşirin dəstəsi”, “Sasanilərin qovulması” və s.) üstünlük təşkil edib. Onun kənd mövzusunda işləri də uğurlu alınıb. Həmin əsərlərdə rənglərin dolğunluğu, harmoniyası diqqəti çəkir.
K.Xanlarov Azərbaycanın əksər rayonlarında, o cümlədən Naxçıvan, Qarabağ, Zaqatala, Astara və başqa bölgələrdə yaradıcılıq ezamiyyətlərində olub. Gördüyü mənzərələri - dağları, yaşıllıqları, tarlaları sevgi və peşəkarlıqla əks etdirib. Rəssamın mənzərələrini digərlərindən fərqləndirən xüsusiyyətlər onun miniatürlərə müraciət etməsi, rənglərlə verdiyi təzadlar və həmçinin mənzərələrində dekorativliyi əks etdirməsidir. Mütəxəssislər onun yaradıcılıq uğurlarının əsasında miniatür sənətinə bağlılığının dayandığını qeyd edirlər. Həm də fırça ustasının mənzərə janrına xüsusi sevgisi doğma vətənə hədsiz məhəbbəti ilə əlaqələndirilir. Bu mənada rəssamın “Cənub sərhədində”, “İlanlı dağ”, “Bilgəhdə sübh çağı”, “Köhnə Abşeron” və “Şərq natürmortu” kimi lövhələrində miniatür çalarlar ön plandadır. “Zaqatala dağları”, “Astara”, “Talış dağları”, “Şuşanın ətrafı”, “Ailə”, “Lənkəran tərəvəzçiləri”, “Çay yarpağı yığanlar”, “Sahədə”, “Məhsul bayramı” kimi kənd mövzusunda çəkdiyi əsərlərdə sanballı ümumiləşdirmələr var. Onun Azərbaycanın orta əsrlər görkəmli dövlət və mədəniyyət xadimlərinin - Sultan Məhəmməd, Qətran Təbrizi, Nizami Gəncəvi, Cavanşir, Nəsimi və başqalarının portretləri də maraqlı sənət nümunələridir.
Parlaq bədii yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olan fırça ustası rəssamlar nəslinin yetişməsinə töhfələr verib. O, uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda müəllim işləyib, yuxarıda adını çəkdiyimiz və digər yetirmələrinin yaradıcılıq uğurlarının səsi-sorağı ölkə hüdudlarından uzaqlara da yayılıb.
K.Xanlarov eyni zamanda “Kəndlilər” (1937), “Fətəli xan” (1947) filmlərinə və Abdulla Şaiqin “Nüşabə” (1947) pyesinin tamaşasına bədii tərtibat verib.
Rəssamın əsərləri Azərbaycanın hüdudlarından kənarda şəxsi kolleksiyalarda və respublikamızın muzeylərində saxlanılır. Bir çox əsərləri Avstriya, Macarıstan, Rumıniya, Almaniya, Misir, İraq, Kanada, Suriya, Norveç, Fransa, Finlandiya, Yaponiya, İran, Əfqanıstan, Türkiyə və Polşada sərgilərdə nümayiş etdirilib. Təsviri sənət tariximizə dair araşdırmalarda müəllifin yaradıcılıq nümunələri yüksək qiymətləndirilib.
Sənətkar 1964-cü ildə respublikanın Əməkdar rəssamı, 1992-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Təkrarsız əsərləri ilə Azərbaycan təsviri sənəti tarixində silinməz iz qoyan Kamil Xanlarov 1996-cı ildə vəfat edib.
Savalan Fərəcov