Noyabrın 30-da Azərbaycan Dövlət Musiqili Teatrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkə başçısının diqqət və qayğısı sayəsində əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, onların bacarıq və qabiliyyətlərinin, yaradıcılıq imkanlarının dəstəklənməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Vurğulanıb ki, 3 dekabr-Beynəlxalq Əlillər Günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində gerçəkləşən bədii yaradıcılıq baxış-müsabiqəsi də bu məqsədə xidmət edir.
Baxış-müsabiqədə ilk mərhələdə ölkənin bölgələri üzrə 500-ə yaxın insan iştirak edib. Yekun mərhələdə iştirak edən 136 nəfərdən (o cümlədən 33 nəfər sağlamlıq imkanları məhdud uşaq) ilk yerlərə layiq görülənlərə diplom və mükafatlar, həmçinin digərlərinə həvəsləndirici təşəkkürnamə və mükafatlar verilib.
Əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növləri (muğam, mahnı və romans, instrumental ifaçılıq, bəstəkarlıq, rəqs və bədii qiraət, poeziya) üzrə təqdim etdikləri konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.