Anton Korbijn tanınmış Niderland fotoqrafı və rejissorudur. Məşhur musiqi ansambllarına videokliplər çəkən Korbijn böyük kinoya 2007-ci ildə ekranlaşdırdığı «Nəzarət» bioqrafik filmi ilə gəlib. Film qeyri-adi istedada malik, 24 yaşında dünyasını dəyişmiş Britaniya vokalçısı Yen Kertisin ömrünün son bir neçə ilini təsvir edir. Kann festivalında nümayiş olunan film kino aləminin də diqqətini çəkdi.
   
   Bu yaxınlarda isə Avropa kinoteatrlarında rejissorun ikinci filminin - «Amerikalı» dramının nümayişi başlanıb. İngilis yazıçısı Martin Boothun romanı əsasında çəkilən və bir killerin həyatından bəhs edən film güclü təsvir dilinə, maraqlı rejissor üslubuna malikdir. Korbijnin fikrincə, o tipik Hollivud filmi yox, sırf öz dəst-xətti olan müəllif filmi çəkib.
   Rejissor Almaniyanın «Die Zeit» qəzetində dərc olunan «Sənət və fərdi azadlıq arzulayıram» adlı yazısında düşüncələrini oxucularla bölüşüb. Müəllifin fikrincə, müasir dünyada ifrat azadlıq, gərəksiz liberallıq insanları məsuliyyət hissindən azad edir, böyüyən nəsil isə təqlidçidir, özünəməxsus olmağa can atmır:
   «Mən həmişə hisslərimi, düşüncələrimi tamlıqla əks etdirən fotolar və filmlər çəkməyi arzulayıram. İstəyirəm ki, onlara baxan insanlar hisslərimi, daxili dünyamın özünəməxsusluğunu anlayıb duysunlar. Bu mənada insanın özünəməxsusluq, fərdiyyətçilik ideyası mənim arzularımın əsasını təşkil edir.
   Düzünü deyim ki, hazırda dünyada baş verən mədəni qloballaşmanın bir çox təsirləri ilə barışa bilmirəm. Los-Ancelesdə hazırlanan Hip-Hop videoları bu gün Avropada da böyük uğur qazanır. Londonda yeniyetmələr, amerikalı yeniyetmələr kimi eyni şeylər haqda düşünürlər, çünki onlar eyni videolara baxırlar. Bununla da onlar özünəməxsus olmaq qabiliyyətini itirirlər.
   Mənim üçün insanların öz fərdi özəlliklərini itirməsi çox utandırıcı haldır. Çünki onlar mövcud sistemə, ümumi ab-havaya uyğunlaşmaq üçün məhz kiməsə oxşamaq, kimisə təqlid etmək istəyirlər, dəbdə olan davranış üsullarını mənimsəyirlər. Çox istərdim ki, müasir insanlar bu asılılığı adlasınlar, ona qalib gəlsinlər. Biz avropalılar başa düşürük ki, riyakar yarımmüstəmləkəçiliyin istənilən forması münaqişələrə aparır və uydurma, yalançı liberallığın arxasında çox vaxt əhəmiyyətsiz məqsədlər dayanır.
   Bu zahiri və gərəksiz liberallıq bizə Niderlandda çox baha başa gəlir. Teo Van Qoq öldürüləndə (dahi rəssam Van Qoqun nəslindən olan rejissor Teo müsəlman ölkələrində qadınlara qarşı zorakılıqdan bəhs edən «Submission» filminə görə 2004-cü ildə əslən mərakeşli olan Niderland vətəndaşı tərəfindən öldürülüb - S.Ə.), bu məni dərindən sarsıtdı. Onun ölümü Niderlandda ab-havanı dəyişdi. Açıq danışmağa ehtiyat edən insanlarda artıq özünə inam hissi qalmamışdı, hər kəs qorxurdu. Dostlarımın mətbuatda, televiziyada öz fikirlərini söyləməyə cürətləri çatmırdı.
   İndi uşaqların və yeniyetmələrin bütöv bir nəsli sərhədsiz və aydın olmayan idarə sistemində böyüyür. Tamamilə düzgün başa düşülməyimi istəyirəm: mən heç də ifrat sağ, millətçi fikirlərin təbliğindən danışmıram. Əksinə, mən ciddi sosial məsuliyyətin tərəfdarıyam.
   …Özüm keşiş ailəsində böyümüşəm, babam pastor olub. Həmişə inanmışam ki, hansısa vacib bir rolu icra edirəm, başqalarına davranışımla nümunə olmalıyam, özümü ciddi aparmalıyam. Mən belə ifrat protestant ailədə böyümüşəm və bizim ailədə tətbiq olunan məcburiyyətlər çox üzücü, ağır idi.
   Uzun müddət qəfəsdən azad olmağa, özümü fərd kimi azad və güclü hiss etməyə, sənətkar kimi inkişaf etməyə ehtiyac duyurdum. Uşaq olanda çox tənha idim, xəyallara dalırdım. Ətrafımı dərindən hiss etmək və öyrənmək üçün başqalarının həyatını gizli müşahidə edirdim. O zaman televizorun, kinonun nə olduğunu bilmirdim. Mənim cansıxıcı dünyamda «Beatles»in mahnılarına ehtiyac vardı.
   Çəkdiyim fotolarımda o zamanın sonsuz qüssəsini, kədərini vermişəm. Hər zaman özünəməxsus olmağı, öz mənimi tapmağı arzulamışam. Qəhrəmanlarımı da gözlənilməz rakursdan çəkməyi, onlarda yeni, özünəməxsus cəhət tapmağı sevirəm. Çəkiliş meydançasında da aktyorlara azadlıq verirəm, bütün təkliflərə və dəyişikliklərə açığam.
   Başqalarının işlərimi qəbul etməyi mənim üçün çox vacibdir. İlk dəfə özünəməxsusluğumu, şəxsiyyət olduğumu hiss edəndə, başqaları tərəfindən qəbul ediləndə azadlığımı, öz gücümü hiss etdim və bundan sonra fotolarımı istədiyi kimi kəsib doğramaq istəyən redaktora zəng vurub soruşdum: «Sən necə risk edib mənim fotolarımı montaj edirsən?».
   Artıq bu gün dəqiq bilirəm ki, uşaqlıqda mənə tətbiq edilən buxovlar, sərt qaydalar və nəyəsə olan ehtiyaclarımın, azadlığımın dəyərini anlamaq üçün necə də dəyərli imiş. Atama bunun üçün minnətdaram ki, o mənim insan və sənətkar kimi formalaşmağıma əhəmiyyətli, vacib təsir edib. Yaxınlarda atam xəstə olanda çox istədim onu bu fikirlərimə inandırım. Amma bu günə kimi də mən bunları atama deməyi bacarmamışam».
   
   Sevda Əliəşrəfqızı