Avstriyanın paytaxtı Vyanadakı “Kayzerzaal“ fortepiano qalereyasında Əməkdar incəsənət xadimi, professor Oqtay Abbasquliyevin xatirəsinə klassik konsert axşamı təşkil olunub. Konsert Vyanada fəaliyyət göstərən “Culture Meeting Point“ mədəniyyət təşkilatının təşkil etdiyi beynəlxalq “Esperantella“ festivalı çərçivəsində baş tutub.
“Culture Meeting Point“ mədəniyyət təşkilatının rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova tədbiri giriş sözü ilə açaraq Oqtay Abbasquliyevin həyat və yaradıcılığı haqqında məlumat verib.
Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində solo konsertləri ilə tanınan Oqtay Abbasquliyev görkəmli bəstəkar Frans Listin ən çətin əsərlərinin mahir ifaçısı kimi şöhrət qazanıb. O, həyatını Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətə həsr edib. Oqtay Abbasquliyev bir müddət akademiyanın fortepiano kafedrasının rəhbəri, sonra isə prorektoru olub. Bu gün onun yetişdirdiyi tələbələr xarici ölkələrdə uğurlu konsert proqramları ilə çıxış edirlər.
Sonra səhnəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı, Oqtay Abbasquliyevin tələbəsi Samir Mirzəyev dəvət edilib. O, rus bəstəkarı Modest Musorqskinin “Bir sərginin rəsmləri“ əsərini ifa edib.
Konsertin ikinci hissəsində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot“ süitası ifa edilib. Bəstəkar Fərəc Qarayev tərəfindən aranjiman edilmiş səkkizhissəli süita tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda O.Abbasquliyevin qızı Nigar Abbasquliyeva ailəsi adından tədbiri təşkil edən “Culture Meeting Point“ təşkilatına və Samir Mirzəyevə təşəkkür edib.