Noyabrın 29-dan dekabrın 6-dək Moskvada “Şelkunçik” gənc musiqi ifaçılarının beynəlxalq televiziya müsabiqəsi keçirilib. Müsabiqə Rusiyanın “Kultura” kanalının ən möhtəşəm layihələrindən biridir. Çaykovski adına konsert zalında Moskva Dövlət Akademik Filarmonik Orkestrinin iştirakı ilə keçirilən müsabiqənin musiqi proqramının rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevdir.
Müsabiqənin bağlanış mərasimində finalçılar dirijor Əyyub Quliyevin rəhbərliyi altında Moskva Akademik Filarmonik Orkestrinin müşayiəti ilə çıxış ediblər.
Qeyd edək ki, yarışma 2000-ci ildə “Kultura” kanalı tərəfindən təsis edilib və Rusiyada akademik musiqi sahəsində gənc ifaçıların yeganə televiziya müsabiqəsidir. 2016-cı il aprelin 25-də “Şelkunçik” Avropa Musiqi Müsabiqələri Assosiasiyaları Birliyinə üzv qəbul olunub. Ənənəyə uyğun olaraq müsabiqə qalibləri görkəmli rus rəssamı Mixail Şemyakinin hazırladığı qızıl, gümüş və bürünc “Şelkunçik” heykəlləri ilə təltif olunurlar.