III məqalə
   
      
   (Əvvəli ötən sayımızda)
   
   “Koroğlu” filminin məşqləri zamanı təkcə rejissor Hüseyn Seyidzadə deyil, digər aktyorlar da, çəkiliş qrupunun üzvləri də Əkbər Fərzəliyevin at sürməyinə heyranlıqla tamaşa edirdilər. Bundan ruhlanan gənc Əkbər atı sürərkən uşaqlıqdan öyrəndiyi müxtəlif akrobatik elementləri də ustalıqla yerinə yetirirdi. Məsələn, o, atı çaparkən belindəki kiçik gümüş xəncəri yerə batırır və sonra da atı çapa-çapa yerə qədər əyilib xəncəri götürürdü.
   
   “Koroğlu” filminin çəkilişində
   
   “Koroğlu” filminin epizodlarından birində şahın elçilərinin çaparaq gəlməsi təsvir olunurdu. Rejissorun xahişi ilə yaxşı at çapdığına görə şahın çaparı epizodunda da Əkbər çəkilməli olur. “ZiL 110” markalı üstü açıq minik maşınında rejissor H.Seyidzadə, rejissor assistenti, operatorlar yerləşib kinokameranı işə saldılar. At çapanlarla yaradıcı heyət arasında üç metrdən də az məsafə saxlamaqla onlar maşını təxminən saatda 90 km sürətlə sürməli, Əkbər Fərzəliyev isə kamera ilə yanaşı atı çapmalı idi. Bu epizodu çəkmək üçün üç-dörd km yol qət olunurdu. İlk dəfə həmin məqamda Əkbər atdan yıxıldı. “Dayan!” komandası veriləndə maşın ani olaraq dayandı. Əkbər də atı bir anda saxlamaq üçün onun başını çəkdi. Atın başı elə sürətlə gəlib aktyorun sifətinə dəydi ki, o, huşunu itirib yerə yıxıldı. Lakin Əkbər tez özünə gəlib ayağa qalxdı. Əkbərin atdan yıxılması gözlənilməz olduğu üçün o özünü sındırmasa da, utandığını gözlərindən oxumaq olardı. Məşqçi Tengiz tez özünü Əkbərə yetirib əlinin beş barmağını açaraq sevincək dedi:
   - Əkbər, şərtimizə görə səndən beş şüşə araq...
   Günlərin birində növbəti epizod - Dəli Həsənin çayın içində Koroğlu ilə vuruşması səhnəsi lentə alınırdı. Pirəküşküldə çayın üst tərəfindən 70 dərəcə maili olan qayadan Koroğlu öz dəliləri ilə Dəli Həsənlə tutaşmaq üçün çaya enməli idi. Belə enişi at üstə enməyin nə demək olduğunu hamı yaxşı bilirdi. Məşqçilər ilk olaraq Əkbərə müraciət etdilər.
   Bu yerdə onu da qeyd edək ki, Koroğlu roluna çox adam sınaqdan keçirilmişdi. Onlardan biri də əfsanəvi pəhləvan Sali Süleymanın oğlu - Ağarəhim Muxtaliyev idi. Onu “İbrahim” deyə çağırırdılar. Boyu 2 metr, çəkisi 120 kq idi.
   Əkbər Fərzəliyevin xatirələrindən: “İbrahimi mən Qusarda məşhur güc pəhləvanı Əliyulla Nacarovun idman görüşündə görmüşdüm. Dağıstanlı olduğu üçün mənə “zemlyak” deyirdi. İbrahimlə “Leyli və Məcnun” filminin çəkilişində də birlikdə olmuşduq. Bu filmdə atı çiyninə qaldırıb dağdan atan İbrahim idi. İbrahim Koroğlu obrazına zahirən çox uyğun gəlirdi. Lakin aktyorluq bacarığı yox idi, odur ki, onun bu rolda çəkilməsi mümkün olmadı...”
   Sifət quruluşuna, peşəkar aktyor olduğuna görə Koroğlu roluna məhz Əfrasiyab Məmmədov təsdiq edilmişdi. Əkbərlə Əfrasiyab yaxın dost idilər. Hərdən zarafatlaşıb deyirdilər ki, “Qızmar günəş altında” filmində Əkbərin qəhrəmanı həkim Aydın Əfrasiyabın qəhrəmanı Eldara atalıq qayğısı göstərir. “Koroğlu” filmində isə əksinə, Əkbər Koroğlunun oğlu Eyvazın rolunu ifa edir.
   Əkbər Fərzəliyevin xatirələrindən: “Koroğlu” filmində çəkilərkən mən gözəl sənətkarlarımızı daha yaxından tanıdım. Leyla Bədirbəyli, Möhsün Sənani, Atamoğlan Rzayevlə tərəf-müqabil olmaq nə qədər şərəfli və xoş idi. Onların yüksək etikası, mədəniyyəti və insanpərvərliyi adamı heyran edirdi...”
   Filmlərə çəkilişlərdən sonra Əkbər Qusara, evlərinə qayıtdı. Bir səhər Əkbərin evinin qapısının zəngi əvəzinə eyvana çıxan pəncərəsinin şüşəsi döyüldü. Əkbər tez boylandı. Gördü ki, gələn atasıdır. Xoş-beşdən sonra onlar oturub çay içdilər. Atası “Qonaqlar gəlib, bizi gözləyirlər”, - dedi.
   Qonaqların gəlişinin məqsədi o idi ki, Əkbər Fərzəliyev Qusar Ləzgi Xalq Teatrını təşkil etsin və rejissor vəzifəsində çalışsın.
   Əkbər Fərzəliyevin xatirələrindən: “Atamın bir kəlməsi mənim üçün qanun idi. 1963-cü ilin may ayında Azərbaycan Respublikası Xalq Yaradıcılığı Evinin direktoru Məbud İsmayılzadə məni Qusar Rayon Partiya Komitəsinin I katibi Müslüm Murtuzayevə təqdim etdi. Bundan sonra mənim Qusar həyatım başlandı...” 

   Qusar həyatı belə başlandı
   
   Kinematoqrafiya sahəsində çalışdığım 48 il ərzində atanın bir kəlməsi ilə peşəsini dəyişən iki aktyor oğul tanıyıram. Onlardan birincisi Arif Mirzəquliyev idi. Arif “Görüş” kinokomediyasında Kamil, “O olmasın, bu olsun”da Sərvər rollarında çıxış edərək böyük şöhrət qazanmışdı. Hətta o, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşırdı.
   Günlərin birində Arif Bakıdan teleqram alır. Teleqramda yazılmışdı ki, atan ağır vəziyyətdədir. Səni görmək istəyir. Tələbə-aktyor təcili Bakıya gəlir, atası son nəfəsdə ona deyir ki, mən səni aktyor deyil, həkim görmək istərdim. Bir kəlmə söz kifayət edir ki, Arif bir daha həmin instituta qayıtmasın. O, Bakıda imtahanlarını verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Nevropatoloq ixtisasına yiyələnir və ömrünün sonuna kimi həkim işləyir.
   İkinci şəxs Əkbər Fərzəliyevdir. O da 1963-cü ildən sonra həyatını doğma rayonuna həsr edir. Mədəniyyət sahəsində fəaliyyətini davam etdirir.
   Respublikanın Əməkdar mədəniyyət işçisi R.Qaraxanov “Qusar” qəzetində dərc etdirdiyi “O, Mixaylo roluna dəvət olunmuşdu” məqaləsində yazıb: “Əkbər Fərzəliyev ötən əsrin 50-60-cı illərində respublikamızda kino sənətinin inkişafında özünəməxsus ifaçılıq qabiliyyəti və aktyorluq məharəti ilə iz qoya bilmişdi”. Amma çox təəssüflər olsun ki, o, bizim bir sıra sənətkarlar kimi unudulmağa doğru gedir.
   2012-ci il oktyabrın 1-də Əkbər müəllimin anadan olmasının 80 illiyi tamam olacaq. Yəqin ki, yubileylə bağlı müəyyən işlər görüləcək. Qayıdaq əvvəlki söhbətimizə...
   Respublika Mədəniyyət Nazirliyi tərəfindən Qusarın mərkəzinə göndərilən Əkbər Fərzəliyev 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edir və həmin ilin mayından teatrın rejissoru, 1965-ci ildən 1970-ci ilədək Qusar rayon Mədəniyyət evinin direktoru işləyir. 1970-ci ildə xalq teatrlarının II Respublika baxışında qazandığı yaradıcılıq uğurlarına görə Mədəniyyət Nazirliyi tərəfindən xüsusi diplomla təltif olunur.
   Ümumiyyətlə, 1965-1970-ci illər Qusar rayon Mədəniyyət evinin inkişafında parlaq dövr olub. 5 avqust 2010-cu il tarixli “Qusar” qəzetinin yazdığına görə, “rayon mədəniyyət evinə rəhbərlik etdiyi dövrdə rəqs və xoreoqrafiya ustaları kimi ad-san qazanmış Qəni Qəniyevin, Əsgər Əmirəhmədovun, müğənni və səhnə ustası Nura Əlimovanın, İmaməli İlyasovun, Qiyafəddin Hacıyevin, Pəri Həbibullayevanın səhnə uğurlarının bünövrəsini məhz Əkbər müəllim qoyub. Təltif olunduğu fəxri fərmanlar, mükafat və hədiyyələr bu yorulmaq bilməyən sənət fədaisinin rayonun mədəni və ictimai həyatında oynadığı rolunun aydın təzahürüdür”.
   1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində “Ləzgi mahnı və rəqs ansamblı” təşkil olunub. Ansambl Bakıda respublika festivalında birinci yer tutub, dəfələrlə Moskva və SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, fəxri diplom və fəxri fərmanlara layiq görülmüşdür.
   1967-ci ildə yenə də Ə.Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu “Qisas” tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub. Bundan başqa, Əkbər müəllim rejissor kimi 1969-cu ildə “30 qəpiklik cərimə”, “Müqtədir”, 1971-ci ildə “Dağlar şahiddir” tamaşalarına quruluş verib.
   Ələkbər Fərzəliyev uzun illər nəsr və poeziya yaradıcılığına da maraq göstərib. Onun “Pələng”, “Baxışlar”, “Rus qızına”, “Qusarım”, “Hər şeydən şirin”, “Sınaq”, “Gəl barışaq”, “Zalım fələk”, “İntizar” və s. şeirləri var. “İntizar” şeirinə bəstəkar Ruhəngiz Qasımova musiqi bəstələyib və həmin mahnı bu gün də müxtəlif müğənnilərin ifasında səslənir.
   1977-ci ildə Ə.Fərzəliyev tərəfindən “Yarımın atası”, 1996-cı ildə “İmam Şamil” əsərləri səhnəyə qoyulub. “İmam Şamil” Şeyx Şamilin anadan olmasının 200 illiyinə həsr edilmişdi və ilk dəfə olaraq Qusar Ləzgi Dram Teatrında oynanılmışdı.
   Ə.Fərzəliyev 1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqında hüquqşünas təyin olunur və 1993-cü ilin sonunadək bu vəzifədə çalışır. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi, təqaüdə çıxandan sonra Xalq məhkəməsində tərcüməçi işləyir.
   Doğulub boya-başa çatdığı doğma Qusar rayonunda mədəniyyətin inkişafında əhəmiyyətli xidmətləri olmuş kinoaktyor, bacarıqlı təşkilatçı Əkbər Fərzəliyev ağır xəstəlikdən sonra 1999-cu ildə 67 yaşında dünyasını dəyişir.
   Vəfatının 40-cı günü “Samur” qəzetində Əkbər müəllimin “Vəsiyyətnaməsi” çap olunur. Bu ibrətamiz vəsiyyətnamənin tərbiyəvi əhəmiyyətini nəzərə alaraq onun bəzi fraqmentləri ilə oxucuları tanış etmək istəyirəm: “Əziz balalarım! Məni bu yaşda bürümüş xəstəliklər sağlamlığımı günü-gündən zəiflədir, yaşamaq ümidimi azaldır... Bizim iradəmiz xəstəliklər qarşısında acizdir. Bütün bunları nəzərə alaraq qərara gəldim ki, mənim sizə olan sözüm, kəlamım qalsın ki, onu ardıcıllıqla həyata keçirəsiniz və aranızda təmiz, doğma ab-hava bərqərar olsun. Hamınız qarşısında, Allahın yanında üzüağam, ömrüm boyu başım aşağı olmayıb. Qalan ömrümü də qeyrətlə, namusla başa vurmağa çalışıram...
   Birinci kəlamım: həmişə aranızda səmimiyyəti, qarşılıqlı hörməti və birliyi saxlayın. Böyük-kiçik tanıyın, ədalətli olun...
   İkinci kəlamım: mülkiyyət payında və diqqətin ayrılmasında hamınız bərabər olmusunuz. Bütün varlığımı sizin təhsil almağınıza, evlənməyinizə və ev-eşik qurmağınıza sərf etmişəm...
   Üçüncü kəlamım: ailənizdə, evinizdə baş verəcək bütün tədbirləri müştərək həyata keçirin, tək əldən səs çıxmaz.
   6 oktyabr 1998-ci il”.
   Sənət fədaisi, sadə və təvazökar insan Əkbər Fərzəliyevin həyat tarixçəsini vərəqləməklə, Azərbaycan kinosunun müəyyən zaman kəsiyində baş verən maraqlı hadisələrlə tanış olduq, heyrətamiz bir ömrün sevincli və kədərli anlarını yaşadıq. Ruhun şad olsun, Əkbər müəllim!
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi