Ölkəmizi müsabiqədə Diana Hacıyeva təmsil edəcək
Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin vaxtı açıqlanıb. Müsabiqənin yarımfinalları mayın 9-da və 11-də, final mərhələsi isə mayın 13-də baş tutacaq. Bu barədə məlumatı müsabiqənin təşkilatçısı olan Ukrayna Milli Televiziyasının mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, “Eurovision 2017” Dneprin sol sahilində yerləşən beynəlxalq sərgi mərkəzində təşkil olunacaq. Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk 12-14 min tamaşaçı tutacaq zalda bütün zəruri hazırlıq işlərinin görüləcəyini, o cümlədən mükəmməl səs-texniki avadanlığının quraşdırılacağını bildirib.
Bu arada mahnı müsabiqəsində iştirak edəcək ölkələrin sayı da elan edilib. 62-ci dəfə təşkil olunacaq müsabiqədə ümumilikdə 43 ölkə iştirak edəcək.
Dekabrın 5-də isə “Evrovision 2017” müsabiqəsində Azərbaycan təmsilçisinin adı açıqlanıb. İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müsabiqədə ölkəmizi hansı müğənninin təmsil etməsi ilə bağlı münsiflər heyətinin iclasında bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, 1989-cu ildə Bakı şəhərində anadan olan D.Hacıyeva hazırda Bakı Caz Mərkəzində çalışır. O, “Bəri bax” kollektivinin solistidir. Diana Hacıyeva “Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb və yarımfinallarda altıncı olub.