Rusiyanın Azərbaycandakı səfirliyində Tahir Salahova həsr olunmuş “Ürəyi ilə çəkən rəssam” (Xudojnik, risuyuşşiy serdtsem) adlı sənədli filmin təqdimatı olub. “Yaddaş” studiyasında rejissor Ziya Şıxlinskinin çəkdiyi filmdə Qara Qarayevin musiqilərindən istifadə edilib.
   Nümayişdən əvvəl çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, T.Salahov haqqında filmin ilk dəfə səfirlik binasında - freskalarını bu məşhur rəssamın çəkdiyi məkanda nümayişi əlamətdar faktdır. O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafında T.Salahovun yaradıcılığının mühüm rol oynadığını söyləyib.
   Rəssamın özü isə filmin uğurlu alındığını dilə gətirib: “Lakin buna tamaşaçı qərar versə yaxşıdır”. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xarici diplomatlar, mədəniyyət xadimləri iştirak ediblər.