Dekabrın 7-də «Zamanla üz-üzə IV» müasir musiqi layihəsinin sayca üçüncü payız konserti baş tutdu. Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert proqramı «Porst-avanqard məkanda müasir musiqi» adlanırdı. 
   Bu layihədə zaman keçdikcə yeni-yeni ölkələri təmsil edən bəstəkarların əsərlərini eşidirik. Budəfəki konsert də istisna olmadı. Ötən həftə Rezo Kiknadze (Gürcüstan), Helena Tulve (Estoniya) Əzizə Sadıkova (Özbəkistan) kimi Azərbaycanın musiqi aləminə o qədər də yaxşı tanış olmayan bəstəkarların əsərləri ifa edilmişdisə, bu həftənin ilk konsertində yapon bəstəkarı Yumiko Yokoinin əsəri də Avropa müəlliflərinin əsərləri ilə yanaşı ifa edildi. 
   Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər qrupunun çıxış etdiyi konsertə Avstriya bəstəkarı və dirijoru Roland Freisitzer dirijorluq edirdi. R.Freisitzer adı post-avanqard musiqi məkanında kifayət qədər məşhurdur. Yeri gəlmişkən, bu bəstəkarın məşhurlaşmasında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli isimlərindən biri - Fərəc Qarayevin də böyük rolu var. Belə ki, Vyana Konservatoriyasının məzunu olan Roland hələ 1999-cu ildə Bakı Musiqi Akademiyasında Fərəc Qarayevdən fərdi dərs almışdı. 
   Onun «Zamanla üz-üzə» konsert proqramına daxil edilmiş son bəstələrindən olan «Viola və kamera ansamblı üçün üç saylı konserti» isə müəllifin həyat yoldaşı, ifaçı və bəstəkar, tədqiqatçı Yuliya Purgina üçün nəzərdə tutduğu əsərlər silsiləsindəndir. 
   Konsertdə kamera ansamblı üçün bəstələnmiş «Kodama» (Yuliya Purgina, Avstriya), tərcümədə «Heç bir yerdə, lakin indi burada» mənasını verən «Nowhere, but here now» (Yumiko Yokoi, Yaponiya), «Rapitida» (İvo Nilsson, İsveç) əsərləri səsləndi. 
   Dekabrın 9-da «Zamanla üz-üzə IV» müasir musiqi layihəsinin sonuncu konserti keçiriləcək. Filarmoniyada baş tutacaq konsert «XX əsr. Avropaya səyahət» adlanır. Konsertdə Avstriya bəstəkarı Frans Şrekerin «Heç-heçə» operasından parçalar, Paul Hindemitin (Almaniya) «Schwanendreher» viola ilə orkestr üçün konserti, Qustav Holstun janrın böyük orkestr üçün simfonik süita kimi müəyyən etdiyi «Planetlər» əsəri səslənəcək. 
   Dirijor - Roland Freisitzer, solist isə Yuliya Purginadır. 
   
   G.Mirməmməd