Dekabrın 11-də P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının böyük zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert olub.
Ölkəmizin Ukraynadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə əvvəlcə iştirakçılar akademiyanın foyesində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən ekspozisiya ilə tanış olublar.
Səfir Azər Xudiyev müstəqil Azərbaycan dövlətinin qurucusu, Ukrayna xalqının da böyük dostu Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının rəhbəri Vladimir Rojok Heydər Əliyev haqqında xatirələrini bölüşüblər. V.Rojok Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Taras Şevçenko adına Ukrayna Milli Akademik Opera və Balet Teatrının yenidən qurulması üçün göstərdiyi köməyi minnətdarlıq hissi ilə xatırlayıb.
Musiqi axşamında Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə “Kiyevskaya kamerata” orkestri, eləcə də gənc tarzən Sahib Paşazadə, xanəndə Rəvan İsmayılov çıxış ediblər. Konsertdə Azərbaycanın və Ukraynanın görkəmli bəstəkarlarının əsərləri səslənib.