Dekabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Portuqaliyanın “Daniel Pereira Trio” musiqi qrupunun konserti olacaq.
“Səs dalğaları - etno-konsert” layihəsi çərçivəsində baş tutacaq konsertdə qrup Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcək. Ötən ilin yazında bu tip konsertlər İspaniya, Yunanıstan, İtaliya kimi Aralıq dənizi sahili ölkələrində, həmçinin iki həftə əvvəl İsraildə təşkil olunub. İndi isə Portuqaliyanın musiqiçiləri konsert proqramı ilə çıxış edəcəklər.
Daniel Pereira Kristo şimal-qərbi Portuqaliyanın qədim musiqi alətlərinin potensiallarını araşdıran bir musiqiçidir. Bakıdakı konsertində onu Andre No (zərb alətləri) və Helder Kosta (Braqa skripkası və gitara) müşayiət edəcək.