Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində şəhər (rayon) uşaq musiqi və incəsənət məktəblərinin tədris hissə müdirləri və skripka müəllimləri üçün ixtisasartırma kursları təşkil edilib.
28 noyabr - 17 dekabr tarixlərini əhatə edən kursda hər iki qrupda ixtisas fənləri peşəkar mütəxəssislər tərəfindən tədris olunur.
Mərkəzdə skripka müəllimləri üçün nümunəvi dərsdə Bakı Musiqi Akademiyasının professoru, Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin skripka müəllimi Hökümə Əliyeva müəllimin ixtisas ustalığı, skripkada çalmaq üçün ibtidai tədrisin təkmilləşdirilməsi kimi məsələlərə toxunub.
Təcrübi proseslər müəllimənin öz yetirmələri - respublika və beynəlxalq müsabiqələr laureatları, IX sinif şagirdi Zərrin Əliyeva və II sinif şagirdi Nuray Seyidin ifasında əyani olaraq nümayiş etdirilib.
Qeyd edək ki, skripka müəllimləri üçün təşkil olunmuş nümunəvi dərs prosesində tədris hissə müdirləri qrupu da iştirak edib.
Sonda dinləyicilər kursda olduqları müddətdə ixtisas müəllimləri Hökümə Əliyevadan və T.Quliyev adına 12 nömrəli 11 illik Uşaq musiqi məktəbinin şöbə müdiri Hacı Məmmədovdan öyrəndiklərini nəzəri və təcrübi baxımdan təqdim ediblər.