2008-ci ildə istehsala buraxılan və ötən il çəkilişlərinə başlanan “Buta” filmi üzərində işlər yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan film tezliklə tamaşaçıların ixtiyarına veriləcək. “Buta” Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə “Butafilm” kino şirkətinin müştərək işidir. Bədii filmin çəkilişləri Şamaxının Zarat və Xeybəri kəndlərində aparılıb.
Tammetrajlı filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifləri İlqar Nəcəf və Ramiz Fətəliyev, operatoru Georgi Beridze, icraçı prodüseri Azər Quliyev, baş prodüserləri isə Xamis Muradov və İlqar Nəcəfdir. Filmdə Xalq artisti Rafiq Əzimov və aktyor Elnur Kərimov çəkilib. Əsas rolları isə uşaqlar oynayırlar.
Film böyük sevgi, insana və Allaha məhəbbət haqqında pritçadır. Ekran əsərində “uşaqlıq” sadəcə insan həyatının keçdiyi yaş mərhələlərindən biri yox, mənəvi portret kimi təqdim olunur.