Dekabrın 8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kamera və Orqan Musiqisi Zalında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun müəllif konserti oldu.
   Tədbirin aparıcısı Nərgiz Kərimova çıxış edərək Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovun yaradıcılığı haqqında məlumat verdi. 
   Qeyd etdi ki, bəstəkarın bir-birindən maraqlı əsərləri müxtəlif illərdə Azərbaycanda və xaricdə musiqisevərlər tərəfindən maraqla qarşılanıb. Onun simli orkestr üçün süitası Almaniyada keçirilən “Qafqaz sülhü” festivalında, eləcə də Bakıda, İstanbulda, Moskvada, II simfoniyası (“Şah Xətai”) Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında səslənib. Simli kvartet üçün bəstələdiyi 3 pyes İngiltərədə, Kanadada, ABŞ-da ifa olunub. Bəstəkar bir çox teatr tamaşasına, eləcə də filmlərə musiqi bəstələyib. O, həmçinin Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi “Qu nəğməsi” radio-pyesinin müəllifidir.
   Sonra Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universitetinin kamera orkestri çıxış etdi. Konsertdə gənc ifaçılar Fəridə Məmmədova, Sevinc Kərimova, Sevda Həsənova, İnci Azmanlı və Töhfə Babayeva, Səbinə İbrahimova bəstəkarın tar və orkestr üçün yazdığı “Qarabağ”, “Rondeletto”, “Vals”, “Türk rəqsi”, “Bahar nəğməsi”, “Oda alqış” və başqa musiqi kompozisiyalarını ifa etdilər. 
   Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın bədii rəhbərliyi ilə Dövlət Uşaq Filarmoniyasının “Şəms” xorunun və balaca solistlərinin ifasında bəstəkarın “Aşpazların mahnısı”, “Küpəgirən qarı”, “Dələ” və “Buratino” uşaq mahnıları səsləndi. Dövlət Simli Kvartetinin ifasında da bəstəkarın əsərləri dinlənildi.
   Sonda Sərdar Fərəcov çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirdi.
   
   Savalan