“Monqolustandakı qədim türk abidələri ilə bağlı muzey nümunələrini Bakıda da nümayiş etdirmək istərdik”
   
   Azərbaycanla Monqolustan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, dövlətlərarası əlaqələr hələ real mahiyyət qazanmayıb. Hərçənd iki xalq arasında münasibətlərin kökləri dərin tarixə malikdir. XIII əsrdə Azərbaycan da bir müddət monqol (Hülakülər-Elxanilər) dövlətinin tərkibinə qatılıb, Orta əsrlərdə Böyük İpək Yolunun ticarət əlaqələri yaranıb, sovet dönəmində isə Azərbaycanın sosialist təmayüllü Monqolustanla əlaqələri, təhsil mübadiləsi, iqtisadi münasibətləri olub. Nəzərə alsaq ki, Monqolustan həm də qədim türk dövlətlərinin qurulduğu məkan olub, bu ölkə, Azərbaycan da daxil olmaqla, türk dünyasının hər zaman maraq dairəsindədir. Hazırda Azərbaycanın Monqolustanda diplomatik akkreditasiyasını Çindəki səfirliyi, Monqolustan isə Azərbaycandakı akkreditasiyasını Türkiyədəki səfirliyi vasitəsilə həyata keçirir. Səfir Badamdorj Batxişiq bu ilin yanvarında etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib. Onunla müsahibəmizdə müxtəlif mövzulara toxunduq.
   - Cənab səfir, Monqolustan qədim türk xalqlarının formalaşdığı, yaşadığı və dövlətlərinin qurulduğu məkandır. Qədim türk kitabələri, abidələrinin mövcudluğu da bu faktı isbatlayır. Bəlkə elə söhbətimizə bu tarixdən başlayaq...
   - Monqolustan çox qədim ölkədir. Bu yaxınlarda ən qədim imperiya olan Knu dövlətinin (qədim Hun imperiyasını nəzərdə tutur - M.S.) 2220 illiyini qeyd etdik. Bu böyük imperiya IV əsrdə bölündükdən sonra insanlar Qərbə tərəf üz tutdular, yəni xalqların “Böyük köçü” başlandı. VI əsrdə isə Monqolustan ərazisində böyük türk imperiyası - Göytürk imperiyası quruldu. VIII əsrə qədər mövcud olan bu dövlətdən Monqolustan ərazisində çox sayda tarixi abidələr qalıb. Bunlardan biri ölkəmizin mərkəzində, paytaxt Ulan-Batorun 400 kilometrliyində, Orxon çayı sahilində yerləşən Orxon abidələridir. Bu kitabələr türkcənin tarixi o dövrdəki yazı forması ilə əlaqədar məlumatlar verdiyi kimi, türklərin dövlət anlayışı, mədəni elementləri, qonşuları ilə əlaqələri, ictimai həyatı və s. ilə bağlı əhəmiyyətli məlumatlardan ibarətdir. Onlardan biri “Bilgə xan abidəsi” adlanır. Çox böyük daşdan hazırlanmış abidə 3 metr 40 santimetr hündürlüyündədir. Bu abidənin yanında Gültigin, Tonyukuk abidələri də yerləşir. 
   - Bu abidələr Monqolustanda qorunmaqdadır, hətta orada bərpa işləri, arxeoloji qazıntılar da aparılır...
   - Biz tarixi, mədəniyyəti sevirik. Ona görə də bu abidələri qoruyub saxladıq. 1990-cı ildən bəri həmin ərazidə geniş arxeoloji qazıntılar aparılır. Böyük bir ərazidə Bilgə xana aid çox qədim və maraqlı tarixi əşyalar aşkarlanıb. Hazırda TİKA-nın dəstəyi ilə biz həmin ərazidə çox gözəl muzey tikmişik və əşyalar da orda nümayiş etdirilir. Ulan-Batora gələn hər bir qonaq bu abidəni ziyarət edir. VIII əsrdə bu türk dövləti dağıldı və onun yerində, uyğur, qırğız dövlətləri quruldu və sonra da Çingiz xanın imperiyası yarandı. Bu dövlətlər dağıldıqdan sonra çoxlu sayda türk xalqları Qərbə köçdülər. Bəziləri də Türkmənistan, Özbəkistan, Tacikistan, hətta Anadoluya doğru getdilər. Biz türklərlə eyni ərazidə yanaşı yaşadıq və bu səbəbdən ümumi mədəniyyətimiz, lüğətimizdə oxşar sözlərimiz var. Məsələn, “sandal”, “çiçək”, “damğa” və s. kimi sözlər dilimizdə eyni səslənir. 
   - Siz həm də Monqolustanın Azərbaycanda ilk səfirisiniz. Bu təyinatı necə qarşıladınız? 
   - Bu ilin yanvarında etimadnaməmi dövlət başçısı İlham Əliyevə təqdim etmək üçün Azərbaycana getdim. Mən Monqolustanın Azərbaycandakı ilk səfiri olmağımdan qürur hissi keçirirəm. Bu sahədə münasibətlərimiz yeni olsa da, əlaqələrimiz dərin tarixi köklərə dayanır. Monqolustanın Sovet İttifaqı ilə çox yaxın əlaqələri var idi. O zamanlar xeyli azərbaycanlı Monqolustana yardım etməyə gəlib, bina, xəstəxana tikintisində iştirak ediblər. Yəni onu demək istəyirəm ki, azərbaycanlılar Monqolustan haqqında məlumata malikdirlər. Eyni zamanda xeyli sayda monqol gəncləri ali təhsil almaq üçün Azərbaycana gediblər. Məsələn, mənim yaxın dostum Azərbaycan İqtisad Universitetini bitirib, hazırda Monqolustan Prezidentinin iqtisadi müşaviridir. Monqolustanın iqtisadiyyat və mədəniyyət sahəsində bir çox mütəxəssislər ali təhsili Azərbaycanda alıblar. Bu faktlar bir daha dərin yaxın münasibətlərimizdən xəbər verir. Mən istər Prezident İlham Əliyev, istərsə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşümdə də dedim ki, Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələrimizi ən yüksək həddə çatdırmalıyıq. Tezliklə Azərbaycan xarici işlər naziri Monqolustana səfər edəcək. Diplomatik, siyasi, mədəni əlaqələrin gücləndirilməsi baxımından xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həmişə vacib olub.
   - Sizin özünüz səfir təyinatına qədər Azərbaycan barədə nə dərəcədə məlumatlı idiniz, ölkəmizə səfər sizdə hansı təəssüratı formalaşdırdı? Axı bildiyiniz kimi, Monqolustanda türk izləri olduğu kimi, Azərbaycanda da monqol izləri var... 
   - Bu mənim Azərbaycana ilk səfərim idi. Səfərdən öncə Azərbaycan tarixi ilə bağlı xeyli məlumat oxudum və düşünürəm ki, bu, diplomat üçün vacibdir. Həyat yoldaşım da, mən də Bakını çox sevdik. Dənizkənarı parkda, İçərişəhərdə olduq. Hava limanınız da çox xoşuma gəldi. Binalardakı memarlıq üslubuna baxanda qədim tarixlə müasir tarixin birləşdiyini görürsən. “Alov qüllələri” - bu üç göydələn bina isə möhtəşəmdir. Monqollarda 3 rəqəmi çox müqəddəsdir. Çünki çörək bişirilən sacın da 3 ayağı olur və ona görə də biz 3 rəqəminə hörmət edirik. Başqa bir xoşuma gələn məqam o oldu ki, Azərbaycan uzun müddət çar və sovet Rusiyasının hakimiyyəti altında olmasına baxmayaraq insanlar öz tarixi kimliklərini, mədəniyyətini, dilini qoruyub saxlaya bilib. Azərbaycan mətbəxi, milli geyimləri də çox xoşuma gəldi. Tarix Muzeyində də oldum. Çox maraqlı idi. Aşkar etdim ki, Monqolustanla Azərbaycan çox qədim tarixi köklərə malikdir. Qeyd etdiyiniz kimi, Azərbaycanda da monqol izləri var. Onlar ilk dəfə ölkənizə 1221-ci ildə gəliblər. Çingiz xanın komandirlərindən biri isə Elxanilər dövlətini qurdu. Bu dövlətin paytaxtlarından biri Təbriz olub. Monqollar yüz il Azərbaycanda olublar. O zaman Türkiyənin də çox hissəsi Monqol imperiyasına daxil idi. Təbii ki, bu müddətdə xalqların bir-birlərindən öyrənib-götürdükləri xüsusiyyətlər olur. Məsələn, Bakıda mənə bəlli oldu ki, azərbaycanlılar da monqollar kimi əti xoşlayırlar. Bakıdakı dostum məni bir restorana aparmışdı və süfrəyə o qədər ət yeməkləri qoymuşdular ki... Yenə də Bakıya getməyi planlaşdırıram. Danışmaq, müzakirə etmək üçün o qədər mövzular var ki...
   - Ölkələrimiz arasında mədəni əlaqələr də yəqin bu danışıqlarda müzakirə mövzusu ola bilər? 
   - Təəssüf ki, bu sahədə az işlər görülüb. Yəqin ki, bunun səbəbi həm də məsafə ilə bağlıdır. Bakı ilə Ulan-Bator arasında birbaşa təyyarə reysi yoxdur. Lakin İstanbul ilə Ulan-Bator arasında hava əlaqəsi mövcuddur. Biz özümüzün mədəniyyət heyətimizi Ulan-Batordan İstanbula, Ankaraya gətirmək istəyirik. Eyni zamanda ola bilsin ki, buradan da Bakıya yolladıq. Bakıya növbəti səfərimdə bu mədəniyyət tədbirini müzakirə etmək niyyətindəyəm. Əgər öz mədəniyyət və incəsənət qruplarımızı Türkiyəyə gətiririksə, nə üçün onları Bakıya da aparmayaq. Məsələn, Monqolustan mədəniyyəti günləri çərçivəsində konsert, sərgi təşkil edə bilərik. Eyni zamanda biz Monqolustandakı qədim türk abidələri ilə bağlı muzeyin də nümunələrini İstanbul, Ankara, Bakıda nümayiş etdirmək istərdik. Düşünürəm ki, monqol milli rəqsləri və mahnıları da Azərbaycan və Türkiyə üçün maraqlı olardı. 
   - Qeyd etdiniz ki, Ulan-Batora gələn qonaqlar qədim türk abidələrini də ziyarət edir. Bunun özü bir turizm imkanı deməkdir. Monqolustanda xarici turistləri daha çox hansı turizm növü cəlb edir?
   - Son vaxtlar turizmin inkişafına böyük cəhdlər edilir. Avropanın bir sıra ölkələrindən Monqolustana turist səfərləri var. Onlar köçəri həyatını olduğu kimi görmək istəyirlər. Çadırda yaşayır, heyvandarlığı, maldarların qış həyatını necə keçirdiklərini öz gözləri ilə müşahidə edirlər. Monqolustanda çox nadir yerlərdən olan Qobi səhrası var. Orada xeyli sayda paleontoloji eksponatlar aşkarlanıb. Monqolustan həm də dinozavrların məskəni olub. Ulan-Batorun mərkəzindəki muzeydə nəhəng dinozavr qalıqlarını görə bilərsiniz. Köçəri həyat tərzi hələ də Monqolustanda davam edir, heyvandarlıq inkişaf edib. Turistlər üçün bütün bunlar maraqlıdır. Amma hələ ki, yaxşı infrastruktur olmadığı üçün turizmi geniş inkişaf etdirə bilmirik. Monqolustanda 21 vilayət var. Yolların çəkilməsi böyük maliyyə tələb edir. İndi vilayətlərimizdə rahat yollarımız var. Bu da imkan verir ki, gələcəkdə turizm sektorunu daha yaxşı inkişaf etdirək. 
   
   Mehparə Sultanova
   Ankara