“Türkiyədə Azərbaycan mədəniyyəti daha çox klassik və peşəkar əsərlər üzərindən təbliğ edilir. Bu isə populyar mədəniyyəti təbliğ etməkdən daha çətindir və peşəkarlıq tələb edir”
Əslən Azərbaycandan olan Ələskər Ələskərli Türkiyədə Karabük Universitetinin İqtisadi və idaretmə elmləri fakültəsində Beynəlxalq əlaqələr bölməsinin rəhbəridir. Rusiya, Orta Asiya və Qafqaz regionu ilə bağlı araşdırmaların müəllifidir. Araşdırmaları arasında Gürcüstanda yaşayan müsəlman azlıqlar, habelə Qafqazda yaşayan türk xalqlarının sosial və ictimai vəziyyətinə dair problemlər yer alır. Ə.Ələskərliyə görə Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etsə də, hələ realizə olunmamış böyük potensial var.
Xüsusi diqqət verilməli məqamlardan biri də bu münasibətlərin siyasi-mədəni xarakteridir. Soydaşımızla müsahibəni də bu mövzu ətrafında qurduq.
- Ölkələr arasında münasibətlərdə tarixi-mədəni dəyərlərin rolu böyükdür. Sizcə, Türkiyədə Azərbaycan tarixi-mədəni dəyərlərinin tanınması və qəbul edilməsində problemlər varmı?
- Ümumiyyətlə, ölkələr arasında münasibətlərdə bir qayda olaraq mədəni əlaqələr siyasi və iqtisadi əlaqələrdən sonra gəlir. Lakin Azərbaycan və Türkiyə arasında münasibətlər bir qədər spesifik xüsusiyyətə sahibdir. İki ölkənin xalqları arasında soy birliyi, dil, din, adət və ənənələrdəki yaxınlıq və s. faktorlar mədəni əlaqələrin daha sürətlə inkişaf etməsi üçün zəngin baza yaradır. Bu münasibətlər nəticə etibarilə iki ölkə arasında siyasi münasibətlərin xarakterinə də təsir göstərir. Ona görə də ikitərəfli münasibətlərin inkişaf etdirilməsində mədəniyyət və mədəni dəyərlər faktoru müstəsna əhəmiyyətə malikdir. Türkiyədə Azərbaycan imicinin formalaşması baxımından tarixi və mədəni dəyərlərin ictimaiyyət tərəfindən tanınması və qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Bir məqama diqqət yetirək: türk mədəniyyəti bu gün böyük ölçüdə populyar mədəniyyət vasitəsilə tanınır. Yəni türk sənətçiləri, mahnıları, seriallar və televiziya proqramları Türkiyənin “yumşaq güc”dən istifadə etməsi baxımından böyük imkanlar yaradır. Azərbaycan mədəniyyəti isə daha çox klassik və peşəkar əsərlər üzərindən təbliğ edilir. İkincinin təbliği birincidən daha çətindir və peşəkarlıq tələb edir. Bu bir tərəfdən obyektiv çətinlik doğursa da, həll edilə bilən məsələdir. Təəssüf ki, Azərbaycanın klassik və eyni zamanda populyar sənət ünsürlərinə çevrilmiş bir sıra mədəni dəyərlərinin Türkiyədə qiymətləndirilməsi çətinliklərlə müşayiət olunur. Üstəlik, burada erməni diasporu tərəfindən Azərbaycanın mədəni dəyərlərinin mənimsənilməsi cəhdləri də var.
- Mövzunu bir qədər də konkretləşdirsək, söhbət hansı mədəni dəyərlərimizdən gedir?
- Məsələn, götürək, “Sarı gəlin” xalq mahnısını. Bu mahnının tarixçəsinə dair Türkiyədə müxtəlif yanaşmalar var. Müxtəlif mübahisələrin olması təbii haldır. Bu mübahisələr aparıldığı zaman elmi əsaslara söykənilməli, ortada olan mənbələr hərtərəfli araşdırılmalı və nəticə çıxarılmalıdır. Lakin bir sıra mədəni dəyərlər kimi, “Sarı gəlin” türküsü də Türkiyədəki erməni pərəstişkarı olan bəzi qondarma “ziyalılar” tərəfindən onların adına yazılmaqdadır. Türk mətbuatında “Sarı gəlin”in erməni türküsü olmasına dair iddialar da yer alır. Amma bu iddialara professional cavab da verilir. Azərbaycanlı bəstəkar Cavanşir Quliyev bununla bağlı peşəkar bir açıqlama verdi. Bildirdi ki, “Sarı gəlin” mahnısı “Şur” muğamı əsasında yaradılıb. “Sarı gəlin” uzun mahnılardan sayılır. Uzun türkülər isə türk xalqları folklorunun önəmli bir hissəsi hesab edilir. Bəstələmə tərzinə görə, digər xalqların mahnılarından nəqarətin olmaması ilə fərqlənir. Bəstəkar elmi əsaslardan yola çıxaraq “Sarı gəlin”in bir Azərbaycan türküsü, yəni türk xalqının musiqisi olduğunu ifadə etdi.
Yaxud da “Çırpınırdın, Qara dəniz” mahnısı ətrafında da bir ara diletantlar və fikir dəllalları tərəfindən iddialar ortaya atılmışdı. Bəzən liberal, mühafizəkar, bəzən də ölkədəki siyasi ab-havaya görə tez-tez donunu dəyişən mətbuat orqanları ermənilərin təbliğatını aparmağa meyllənirlər, guya bununla türk-erməni münasibətlərində açılımı təşviq edirlər. Belə kəsimlər tərəfindən fikirlər səslənirdi ki, guya bu mahnının musiqisi hələ XVIII əsrdə Sayat Nova tərəfindən bəstələnib.
Sözləri Əhməd Cavada və musiqisi Üzeyir Hacıbəyliyə aid olan “Çırpınırdın, Qara dəniz” mahnısı Azərbaycanın mədəniyyət tarixində özünəməxsus mənəvi yeri olan, Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən çox qiymətli əsərdir. Bu cür diletant fikirlərlə, hər şeydən öncə, bu əsərləri meydana çıxarmış insanların müəllif hüquqları tapdanır.
- Bu halda vəziyyətdən çıxış yolunu nədə görürsünüz, hansı addımlar atılmalıdır? Yeri gəlmişkən, uzun illər Türkiyədə yaşayan azərbaycanlı kimi bu xüsusda diasporumuzun fəaliyyətini necə dəyərləndirirsiniz, o, belə mövzularda nə qədər aktivdir?
- Mədəni irsimizin də mənimsənilməsi, əslində, zaman-zaman qarşımıza çıxan “erməni məsələsi”nin tərkib hissəsidir. Bu, Azərbaycanın da, Türkiyənin də problemidir və keçmişdə bu üzdən nələr yaşadığımızı bilirik, hər iki ölkənin xalqlarının qan yaddaşı buna şahiddir. Unutmamaq millətin tarix şüurunu canlı tutmasının ən vacib şərtidir. Tarix şüuru bir ağac kimidir. Hər zaman bəslənməlidir. Əgər bəsləməsən yavaş-yavaş quruyar və məhv olub gedər.
Bu gün Türkiyədə bir çox ölkələrin mədəniyyət mərkəzi fəaliyyət göstərir. Təkcə ABŞ, İngiltərə, Fransa kimi böyük dövlətlərin deyil, bir çox ərəb ölkələrinin və İranın da mədəniyyət mərkəzləri var. Bu mərkəzlər öz ölkələrinin tarixi, dili, mədəniyyəti və ictimai əlaqələri sahəsində müxtəlif tədbirlər, kurslar və s. təşkil edir. Türkiyədə Azərbaycan dərnəkləri, cəmiyyətlər də var, amma Türkiyədə geniş miqyasda fəaliyyət göstərən və hər kəsin tanıdığı mədəniyyət mərkəzimiz yoxdur. İctimai və mədəni sahədə dəyərlərimiz və milli məsələlərimizin yükü çox vaxt ayrı-ayrı soydaşlarımızın çiyinləri üzərindədir. Diaspor fəaliyyəti şəxsi məsələ deyil, millət və dövlət məsələsidir. Bu gün Türkiyədə başqa ölkələrlə müqayisə etdiyimizdə diaspor və mədəni dəyərlərinin təbliği məsələsində ən çox imkanı, sosial bazası olan dövlət Azərbaycandır. Bu imkandan istifadə etmək lazımdır. Biz bəzən bugünkü erməni dövlətinin qurulduğu torpaqların türklərin tarixi yurdları, Yerevanın İrəvan olduğunu tarixçilərə belə başa salmaqda çətinlik çəkirik. Halbuki Şərqi Anadolu və Qafqaz bir-birindən qoparılmağa çalışılan (bu gün də davam edən) türklük mədəni arealı içindəki bütövlüyün eyni çalarlara, eyni özəlliklərə sahib parçalarıdır. Bu problemin həlli istiqamətində lazımi addımların atılmasının vaxtı çoxdan çatmışdır.
Bir məsələyə də diqqət çəkmək istəyirəm. Bəzən Azərbaycanda sosial şəbəkələrdə, forumlarda və mətbuatda xüsusilə belə fikirlər söylənilir ki, tarix, mədəniyyət, milli mətbəx, folklor və s. kimi sahələrdə ermənilərlə aparılan polemikaları mənasızdır, buna zaman itirməyə dəyməz. Burada söhbət bu və ya digər mahnı, çalğı aləti, yemək növündən getmir. Belə bir yanaşma dar düşüncənin məhsuludur. Mədəni dəyərlərin qorunması milli və mənəvi bir vəzifədir. Halbuki müasir dövrdə dövlətlər arasında “yumşaq güc” faktorunun əhəmiyyəti olduqca böyükdür və bu gücün ünsürləri arasında mədəni dəyərlərin tanınması və təbliği müstəsna əhəmiyyətə sahibdir.
Mehparə Sultanova
Ankara