Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında Azərbaycanın iki böyük musiqiçisi - SSRİ xalq artistləri Rəşid Behbudovun anadan olmasının 100 illiyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert keçirilib.
Teatrın foyesində qonaqları Bişkekdəki “Azəri” Mədəniyyət Mərkəzinin musiqi ansamblı Azərbaycan mahnıları ilə qarşılayıb.
Tədbirdə Qırğızıstan rəsmiləri, ziyalılar, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, soydaşlarımız iştirak edib.
Teatrın baş direktoru Bolotbek Osmonov gecəni açaraq qala-konsertin Rəşid Behbudov və Müslüm Maqomayevə həsr olunmasının xüsusi önəm daşıdığını, qırğız xalqının bu dahi sənətkarlara böyük rəğbət və sevgi bəslədiyini söyləyib.
Baş direktor belə tədbirlərin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın Qırğızıstandakı səfirliyinə minnətdarlığını bildirib.
Ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov Azərbaycanın böyük sənətkarlarına yüksək dəyər verdiyinə görə qırğız xalqına təşəkkürünü bildirib. Qeyd edib ki, iki ölkə prezidentlərinin apardıqları siyasət nəticəsində siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənir.
Diplomat Rəşid Behbudovun keçmiş Sovet İttifaqında ən məşhur ifaçılardan biri olduğunu, xarici ölkələrdə Azərbaycanın böyük mədəniyyətini layiqincə təmsil etdiyini xatırladıb. Bildirib ki, görkəmli müğənninin çəkildiyi filmlər Azərbaycan kinosunun “qızıl fondu”na daxil olub.
H.Orucov ulu öndər Heydər Əliyevin həm Rəşid Behbudov, həm də Müslüm Maqomayevin yaradıcılığına böyük hörmətlə yanaşdığını, onlara daim qayğı göstərdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölkəmizdə bu iki korifey sənətkarın xatirəsi əbədiləşdirilib, adlarına küçə, gəmi, mədəniyyət ocaqları var.
Qala-konsertdə teatrın baş konsertmeysteri Yuliya Babiç, Qırğızıstanın populyar opera müğənniləri və solistlər Almaz İstambayev, Ayzirek Momunova, Yelena Ovçinnikova, Elnura Kanatbekova, Said Bekmuratov, Aleksandr Donis, Kamçıbek İsenbayev, Anton Leshov ilə yanaşı, həmyerlimiz Faik Baxışev, “Almaz-studio” qrupu, “Bişkek Biq-bend” rəqs qrupu çıxış edib.
Tədbirdə bir çox mahnılar Azərbaycan dilində səslənib.
Konsert Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.