“Bakıfilm”in istehsalı olan ekran əsəri Qarabağ müharibəsindən bəhs edir
   
   Oktyabrın 13-də Azərbaycan Kinematoqrafçılar İttifaqında “Bakıfilm” kinostudiyasında istehsal edilmiş “Yaddaş” bədii serialının premyerası olub.    
   Tamaşaçılar qarşısında çıxış edən ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev bildirib ki, maraqlı layihələrlə tamaşaçıları sevindirən “Bakıfilm” bu dəfə də Azərbaycan kinematoqrafiyası üçün yeni uğura imza atıb. Qarabağ müharibəsi və onun müsibətlərindən bəhs edən filmin çəkilişlərinə ötən ilin dekabrında başlanılıb. Film Azərbaycan şəhidlərinə, o cümlədən Milli Qəhrəman Çingiz Mustafayevə ithaf edilib. Tamaşaçılar ekran əsərində maraqlı hadisələrin şahidi olacaqlar.
   6 seriyadan ibarət filmin ssenari müəllifi və rejissoru ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir. Ekran əsəri paytaxtda və ölkəmizin bir çox bölgələrində lentə alınıb.
   Serialın baş prodüseri Vaqif Əsədullayev, baş redaktoru Mailə Muradxanlı, səs rejissoru Uğur Səfərovdur. Filmdə baş rollarda Şövqü Hüseynov, İlqar Musayev, Pərviz Məmmədrzayev, Anar Heybətov və Rada Nəsibova çəkiliblər.
   Filmin süjeti erməni-rus hərbi birləşmələrinin kəndə hücumunun qarşısını fədakarlıqla almağa çalışan dörd dostun göstərdikləri şücaət üstündə qurulub.
   Dörd dost - Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmdrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqü Hüseynov) sonuncunun nişan mərasimində iştirak etmək üçün Qarabağdakı kəndlərin birinə yollanırlar. Nişan mərasimi günü erməni-rus hərbi birləşmələri kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağın edirlər. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür - Arzu yaralanır, Azər komaya düşür, onun nişanlısı Arzu (Rada Nəsibova) yaralanır.
   Azər 17 ildən sonra komadan ayılır, keçmişini xatırlamaq üçün yola çıxır. Bu yol isə onun yaddaşıdır.
   Serial kəskin şəkildə hazırlanan döyüş səhnələri ilə zəngindir.