Amerika Kino Akademiyasının “Oskar” mükafatına builki iddiaçılar arasında olan türkiyəli rejissor Semih Kaplanoğlunun “Bal” filminin əsas rəqibləri bəlli olub. “Ən yaxşı xarici film” nominasiyasında yarışan “Bal” filminin əsas rəqibi meksikalı rejissor Aleksandro Qonsales İnaritunun “Biutiful” filmi hesab edilir. Bu ekran əsərində baş rolun ifaçısı Javier Bardam builki Kann Kinofestivalında “ən yaxşı aktyor” mükafatını qazanıb.
   “Bal”ın digər rəqibləri sırasında tailandlı rejissor Apiçatponq Virasetakulun may ayında Kann Kinofestivalında “ən yaxşı film” nominasiyasında “Qızıl Palma” mükafatını alan “Bunmi əmi” filmidir. Fransanın məşhur kinofestivalında ikinci mükafatı qazanan “Tanrılardan və adamlardan” (“Of Gods and Men”) filmi də “ən yaxşı xarici film” mükafatı uğrunda yarışır.
   Xatırladaq ki, Semih Kaplanoğlunun “Bal” filmi Berlin Kinofestivalının qalibidir.
   “Oskar” mükafatının “ən yaxşı xarici film” nominasiyasında 65 film yarışır. 83-cü “Oskar” mükafatlarının qalibləri fevralın 27-də elan ediləcək.