Rejissor Pavel Lungin: “İnsanlar öz tarixi köklərini, kodlarını öyrənmək istəyirlər”
   
   Dünya kinematoqrafiyasında 1990-cı illərdən «Taksi-blüz», «Ada» filmləri ilə tanınmağa başlayan rus rejissoru Pavel Lunginin birinci rus çarı İvan Qroznıdan (1530-1584) bəhs edən «Çar» filmi ötən il ekranlara çıxdı. Rusiyada böyük qalmaqal doğuran film İvan Qroznının amansız idarə üsulundan, eyni zamanda, onun siyasətini pisləyən mitropolit Filipplə münasibətlərindən bəhs edir.
   
   Filmə qarşı çıxanların bir qismi rejissoru İvan Qroznının obrazını təhrif etməkdə, ilk rus çarına istehzalı münasibətdə günahlandırıblar. Bəzi tarixçilər hətta Rusiya prezidentinə müraciət edərək filmin ölkədə qadağan olunmasını istəyiblər. Onların fikrincə, Qroznının manyak, sadist obrazını yaradan Lungin rus tarixini rüsvay edib və «Çar» anti-rus xarakteri daşıyır.
   Amma ölkədə hamı belə düşünmür, Lungini müdafiə edənlər də tapılıb. Rejissorun tərəfdarları filmdə Qroznı dövrünün dəqiq təsvir edildiyini, çarın hakimiyyətinin despotik xarakter daşıdığını deyirlər.
   Premyerası Kann festivalı çərçivəsində baş tutan «Çar» dünyanın ən nüfuzlu kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
   Film haqqında danışan Pavel Lunginin müsahibəsindən bəzi maraqlı məqamları diqqətə çatdırırıq.
   - Filmin ədəbsizcəsinə çəkildiyini düşünənlər az deyil. Bəzi səhnələri isə, ümumiyyətlə, inandırıcı hesab etmir, onları reallıqdan çox möcüzəyə bənzədirlər.
   - Mən buna ədəbsizlik yox, cəsarət deyərdim. Həmin səhnələri bayağı qəbul etməyin. Nəzərə alın ki, XVI əsr sırf dini dövr olub. İnsanlar möcüzəyə inanırdılar və bu heç kəsi təəccübləndirmirdi. O dövrdə insanların Tanrıya tamamilə başqa münasibəti vardı.
    - Filmin proloqunda deyilir ki, mitropolit Filipp və İvan uşaqlıq dostu olublar. Bəzi versiyalara görə, onların arasında dostluq əlaqəsi əslində rejissor Sergey Eyzenşteynin uydurmasıdır...
   - Mən bilmirəm, onlar ruhi baxımdan yaxın olublar ya yox. Film iki adam arasında qarşılıqlı münasibətlər, hakimiyyət hərisliyi və inam haqqında sadə əhvalatdır. Filipp Qroznını başa düşürdü və bilirdi ki, onu ifşa edəndə özünü hansı təhlükəyə atır. Bu ifşaedici səhnələr Uspen kilsəsindəki əlyazmalardan götürülüb, onu hər kəs oxuya bilər. Ola bilsin onlar müasir səslənmir. Mənim üçün filmdə Filippin olması çox vacibdir. Qroznıdan bəhs edən filmdə heç vaxt ruhun tənəzzülünü göstərməzdim, məncə bu ağır və maraqsız olardı. Film hər şeydən əvvəl inam, mərhəmətə çağırış və bütün bunlara görə qurban gedə bilmək barədədir, film eyni zamanda bizim həyatımız və hakimiyyətimiz haqdadır.
   - Necə oldu ki, Qroznı rolunu Pyotr Mamonova vermək qərarına gəldiniz?
   - Mən sadəcə olaraq Mamonovda Qroznının simasını gördüm. Onun sifətinin ifadəsi məni heyrətləndirdi. Bəzən sifət elə emosiyaları ifadə edir ki, onu sözlərlə demək mümkün deyil. Əgər bu mümkün olsaydı, kino çəkməzdilər.
   - Pyotr Mamonovun və Oleq Yankovskinin (mitropolit Filipp) dueti güclü, dərin təəssürat yaradır. Əgər onlardan biri filmdə çəkilməkdən imtina etsəydi siz «Çar»ı çəkərdiniz?
   - Mamonovsuz yüz faiz çəkməzdim. Filmin çəkilişlərindən əvvəl biz Yankovski ilə yaxından tanış deyildik. Amma indi təsəvvür edə bilmirəm ki, onsuz filmi necə çəkərdim. Mən mitropolit Filipp obrazında nəciblik, fədakarlıq axtarırdım və məhz Yankovski bu cəhətləri özündə birləşdirirdi.
   - Yankovskinin oynadığı Filipp rolunu darıxdırıcı hesab edənlər də var.
   - Bu fikirlə razı deyiləm. Filipp böyük şəxsiyyət, yaradıcı adam olub və dolğun həyat yaşayıb. İntibah dövrünün adamı, rahib və eyni zamanda mühəndis olub. O, monastr rəhbəri olanda kərpic zavodu, çörəkxana tikdirib. Eyni zamanda qeyri-adi, incə ruhlu şəxs idi.
   - Filmin dövlət sifarişi olduğunu iddia edənlər də var. Yəni əslində «Çar» bu düşüncəni təlqin edir ki, ölkənin idarəedicisi olmaq istəyənlər güclü hökmdarlar haqda filmlərə baxmalıdır.
   - Heç bir sifariş olmayıb. Bu söhbətlər cəfəngiyatdır. Nə qədər şikayət etsələr də, bizim dövrümüz mülayim, nisbətən sakitdir. Hər halda düşünürəm ki, Rusiyaya güclü idarəçi lazımdır. Çünki bizim xalq özünə heç nədə məhdudiyyət qoymur. Qərbdə ona görə demokratiya mövcuddur ki, insanlar nədəsə məhdudiyyət qoymağı bacarırlar. Amma bizim cəmiyyətdə özünənəzarət yoxdur. Nəzarətin yoxluğu özünü hər şeydə büruzə verir. Heç kəsə inanmayan Qroznı öz xalqı ilə mübarizə aparan ilk çar idi. Mənə elə gəlir ki, Qroznının ucbatından Rusiyada intibah dövrü baş vermədi. Ona görə də bizim tarix inkişaf etmir, hər zaman təkrarlanır. Amma bizim başqa cür yaşamaq imkanımız var.
   - Sizcə niyə son vaxtlar Rusiyada tarixi filmlərə maraq artıb?
   - Anlamaq istəyindən... İnsanlar bir tərəfdən müasir dövrün ağrılarından, problemlərindən danışmaq istəmirlər, onlar bunun keçəcəyinə ümid edirlər, digər tərəfdən isə insanlar tarixi filmlərdən öz köklərini, tarixi kodlarını öyrənmək arzusundadırlar. Xalq kim olduğunu və 70 illik sovet dövründən sonra, əvvəlki Rusiyadan nə qaldığını anlamaq istəyir.
   
   Sevda Əliəşrəfqızı