“Əksəriyyət” qalib oldu
   
   Türkiyənin ən nüfuzlu kino müsabiqəsi olan Antalya “Altın Portağal” beynəlxalq kinofestivalı ötən həftəsonu başa çatdı. Antalya Böyükşəhər Bələdiyyəsi və Antalya Mədəniyyət və Sənət Vəqfi tərəfindən təşkil edilən festival bu il 47-ci dəfə keçirilirdi.
   
   Budəfəki “Altın Portağal” 25-35 yaş arasındakı gənc rejissorların ilk tammetrajlı filmlərinin mükafat alması ilə yadda qalıb. Gənc kinematoqrafçılar bu uğurları ilə məşhur rejissorları kölgədə qoyublar.
   Mükafat alan filmlərin mövzusu ictimai məzmunlu olub. “Milli film” müsabiqəsinin münsiflər heyətinin rəhbəri Kadir İnanır finala qalan 14 film barədə fikirlərini bildirib: “Filmlərin hər biri o qədər gözəl idi ki, fərqləndirməkdə çətinlik çəkdik. İncə ələdik, sıx toxuduq. Qazanan sevinsin, amma itirənlər də kədərlənməsin. Yaxşı bir film çəkməyin qüruruyla yaşasınlar. Hər il olduğu kimi, bu il də qazanan türk kinosudur”.
   “Altın Portağal”da ilk dəfə jürinin xüsusi mükafatı da verilib. Mükafata “Press” filmi layiq görülüb.
   “Sinyora Enrica ilə italyan olmaq” (rejissor Əli İlhan) filmi ilə “Ən yaxşı aktrisa” mükafatını alan Klaudia Kardinalle festivalda iştirak edə bilməsə də, mərasimə telefon əlaqəsiylə qatılıb. İtalyan aktrisa “türkləri sevirəm, Antalyaya təşəkkürlər, çox qürurlandım” deyib.
   İndiyədək Fateh Akın və Yeşim Ustaoğlunun filmlərində rejissor köməkçisi işləyən Sərən Uca ilk tammetrajlı ekran əsəri olan “Əksəriyyət” filmi ilə “Altın Portağal”dan üst-üstə 3 mükafata - “Ən yaxşı film”, “"Ən yaxşı rejissor” və “Ən yaxşı aktyor” mükafatlarına - layiq görülüb.
   Festivalın digər bir sürprizi isə vəkillik peşəsini buraxaraq kino təhsili alan 29 yaşındakı rejissor Dəmir Karaçeliyin “Xəzinə məmuru” adlı ilk tammetrajlı filmi olub. Ekran əsəri “Ən yaxşı ilk film”, “Ən yaxşı görüntü rejissoru” və “Ən yaxşı aktyor” mükafatlarını alıb.
   47-ci Antalya “Altın Portağal” beynəlxalq kinofestivalının bütün qaliblərinin sıralaması isə belədir:
   Ən yaxşı film - “Əksəriyyət”
   Ən yaxşı ilk film - “Xəzinə məmuru”
   Ən yaxşı rejissor - Sərən Uca (“Əksəriyyət”)
   Ən yaxşı ssenari - Mert Fırat, İlksen Başarır “Atlıkarınca”
   Ən yaxşı operator - Ercan Özkan (“Saç” və “Xəzinə məmuru” filmləri ilə)
   Ən yaxşı musiqi - Mircan (“Karbeyaz”)
   Ən yaxşı aktrisa - Klaudia Kardinalle (“Sinyora Enrica ilə italyan olmaq”)
   Ən yaxşı aktyor - Serkan Ercan (“Xəzinə məmuru”) və Bartu Küçükçağlayan (“Əksəriyyət”)
   Ən yaxşı ikinci aktrisa - Ayşan Qruda (“Kağız”)
   Ən yaxşı ikinci aktyor - Çingiz Bozkurt (“Qovşaq”) və Rıza Akın (“Saç”)
   Ən yaxşı fantastik film - “Kölgələr” (Aylin Tinel)
   Jürinin xüsusi mükafatı - “Press”
   Ən yaxşı qısametrajlı film - “Berf” (Erol Mintaş)
   Ən yaxşı sənədli film - “Anadolu” (Yüksək Eksi)
   Ən yaxşı xarici film - “Gözəl bir həyat xatırlamaq” və “Diviziya”
   Film Akademiyasının mükafatı - “Velosiped”
   
   İntiqam Hacılı