Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Gənclər Fondunun maliyyə dəstəyi ilə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Üzeyir Hacıbəyli-130” musiqi albomunun təqdimatı keçirilib.
Akademiyanın prorektoru, Xalq artisti, professor Yeganə Axundova layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, diskdə 14 ifa yer alıb. Üzeyir bəyin “Sevgili canan”, “Sənsiz”, “Cəngi”, “Çırpınırdın, Qara dəniz” və “Arşın mal alan” operettasından seçmə əsərləri, xalq mahnıları “Sarı gəlin”, “Evləri var xana-xana”, “Ay Laçın”, “Qubanın ağ alması” və s. nümunələr Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbə və məzunlarının ifasında səsyazma studiyasında lentə alınıb.
Musiqi albomunun giriş hissəsində Üzeyir bəy haqqında Azərbaycan və ingilis dillərində qısa informasiya verilir. Albomun son səhifəsində isə Azərbaycan Respublikasının dövlət himninin sözləri və birsəsli not nümunəsi təqdim edilib. Layihənin rəhbəri Nicat Həsənzadə, musiqi rəhbəri Vüqar Hümbətovdur.