Lətif Səfərov - 90
   
  I məqalə
   
   “Əgər məndən soruşsanız ki, “Siz nə etmisiniz”, cavab yalnız bir olacaq: “Demək olar ki , heç nə”. Əgər soruşsanız ki, “Nə etmək istəyirəm”, cavab yenə qısa olacaq: “Çox şey”. Görəcəyim işlər barədə çox düşünmüşəm. Müəllimim Qriqori Mixayloviç Kozintsevin vəsiyyətini minnətdarlıqla xatırlayıram: “Əgər özünüzü incəsənətə həsr etməyi qərara almışsınızsa, yatmamağı öyrənin. Bəli, indi o dövr deyil. Yatmaqla çox şey uduzmaq olar, hətta həyatı da. Həyat isə necə də gözəldir, əgər hamı qədrini bilsəydi...”
   Bu sözlərin müəllifi Azərbaycan kinematoqrafiyasının inkişafında xüsusi xidmətləri olan sənətkar, Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Lətif Bəşir oğlu Səfərovdur.
     
     
   Yeddi yaşlı “aktyor”
   
   Lətif Səfərov 1920-ci il sentyabrın 30-da gözəl Qarabağın dilbər guşəsi Şuşa şəhərində anadan olub. 1925-ci ildə valideynləri ayrılandan anası övladlarını götürüb Ağdama, qayınatasının yanına köçür. 1927-ci ilin yayında ailə Şuşada istirahət edərkən “Azərkino”nun ekspedisiyası şəhərə gəlir. Təsadüfən balaca Lətiflə rastlaşan yaradıcı qrup onu filmdə çəkməyi qərara alır. Lətif Səfərovun kinematoqrafla ilk tanışlığı belə olur. Bu tanışlıq Lətifi möcüzə saydığı kino sənətinə həmişəlik bağlayır.
   Kinoya necə gəldiyini o öz xatirələrində belə qələmə alıb: “7 yaşım var idi. “Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş kinematoqrafiya işçilərini şəhərin nağılvari mənzərəsi heyran etmişdi... Hər şey elə bundan başlandı... Əgər onlar bu şəhərə gəlməsəydilər, bəlkə də həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım insanları müalicə edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim... Mənim qismətimə kinematoqraf düşdü. Burada mən özümü bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm. Mən bütün peşələrdən olan adamlara xidmət edirəm. Bunu nə qədər çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət hiss edirəm...”
   Beləliklə də, balaca Lətif ilk dəfə rejissor Leo Murun “Gilan qızı” filmində Gülgül, bunun ardınca “Lətif” filmində Lətif, “Şərqə yol” sənədli filmində, “Qızıl kol” filmində epizodik rollarda çəkilir. Maraqlıdır ki, “Gilan qızı”nda rejissor assistenti işləyən M.Mikayılov quruluş verməyə hazırlaşdığı filmə baş rola Lətifi dəvət edərkən balaca aktyorun şərəfinə əsərin adını dəyişib “Lətif” qoyur. Balaca aktyor da ona tapşırılan rolun öhdəsindən bacarıqla gələrək, kinostudiya kollektivinin sevimlisinə çevrilir.
   “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə, sosialist kəndinin adamlarına həsr olunub. Filmin baş qəhrəmanı balaca Lətifin taleyi fonunda uzaq dağ kəndində kolxoz quruculuğu prosesi əksini tapıb.
   1931-ci ildə 11 yaşlı Lətif Səfərov ağır xəstəliyə (vərəm - red.) tutulur, həkimlər ona filmlərə çəkilməyi qadağan edirlər. Səhhətinə görə məktəbdən də uzaqlaşmalı olur. Lətif Bərdəyə, anasının yanına qayıdır.
   L.Səfərov yazır: “1935-ci ildə mən Bakıya qayıtdım, axşam məktəbində təhsilimi davam etdirdim, eyni vaxtda Bakı kinostudiyasında əvvəlcə aktyor, sonra rejissor köməkçisi vəzifəsinə işə düzəldim. 1936-cı ildə mən artıq rejissor assistenti idim...”
   1937-ci ildə studiyada yenicə fəaliyyətə başlayan dublyaj şöbəsində L.Səfərov “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Professor Mamlük” kimi sovet bədii filmlərinin Azərbaycan dilində səsləndirilməsində həm rejissor köməkçisi, həm də aktyor kimi iştirak edir. Artıq özü üçün həyat yolunu müəyyənləşdirmiş gənc Lətif ali kino təhsili almaq ümidi ilə yaşayırdı. Moskvaya gedib Ümumittifaq Kinematoqrafiya İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olanadək “Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli (1938), “Kəndlilər” bədii filmlərində rejissor köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar” sənədli filmlərində rejissor assistenti işləyir, S.Mərdanov, A.Quliyev, R.Təhmasib, M.Mikayılov kimi sənətkarların zəngin təcrübəsini öyrənirdi. Hətta vaxt tapıb 1939-cu ildə Gəncə Pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə (ekstern) bitirir.
   Uşaqlığı, elə gəncliyi də kəşməkəşli keçən L.Səfərov, nəhayət, arzusuna çatır, Moskvaya ali kino təhsili almağa gedir. Burada Kinematoqrafiya İnstitutunda təhsil almaqla yanaşı, 1947-ci ildə ilk dəfə müstəqil şəkildə “Çağırışa cavab” adlı kinooçerk çəkir. Özünün yazdığı ssenari əsasında lentə aldığı sənədli filmdə (operatorlar T.Axundov və X.Babayev) məşhur pambıq ustası Sürəyya Kərimovanın və onun briqadasının əmək fəaliyyətini ekranda canlandırır. 1949-cu ildə çəkdiyi və Ağstafa rayonundakı “İskra” kolxozunun kənd əməkçilərinə həsr etdiyi “Yeni həyat qurucuları” sənədli oçerki isə diplom işi kimi əla qiymətə layiq görülür.
   Görkəmli rus kinorejissoru Q.Kozintsevin tələbəsi L.Səfərov haqqında yazdığı xasiyyətnamədən sətirlər: “Yol. Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film “əla”qiymətlə ekranlara buraxılmışdır. Yol. Səfərov L. istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev. 7.4.1950.”
   
   O, böyük arzularla yaşayırdı
   
   L.Səfərov 1950-ci ildə institutu bitirib böyük və tükənməz arzularla, yaşayıb yaratmaq eşqi ilə doğma Bakıya qayıdır, lakin digər həmkarları kimi kinostudiyada film qıtlığı ilə qarşılaşır. Həmin il studiyada üç rejissor: İ.Xeyfis, A.Zarxi və R.Təhmasib birgə “Bakının işıqları” bədii filmini çəkmiş, lakin bu yeganə film də ekranlara buraxılmamışdı. Buna baxmayaraq L.Səfərov həvəsdən düşmür və 1950-ci ildə kinooperator dostları X.Babayev və T.Axundovla birlikdə Azərbaycanın mis və filiz yataqları ilə zəngin Gədəbəy torpağından bəhs edən “Gədəbəyin sərvəti”, 1951-ci ildə uşaqların həyatından bəhs edən “Gənc leninçilər” (operator A.Nərimanbəyov) və sərhəd qoşunlarına həsr olunmuş “Azərbaycan sərhədçiləri” (operator A.Nərimanbəyov), 1953-cü ildə yurdumuzun bağlı-bağatlı Quba bölgəsindən söhbət açan “Quba bağlarında” (operator A.Nərimanbəyov) sənədli filmlərini yaradır. “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, mərkəzi xronika studiyası (Moskva) üçün də çoxlu süjet çəkir.
   Nəhayət, bir neçə illik fasilədən sonra Bakı kinostudiyasında “Bəxtiyar” və “Görüş” bədii filmləri istehsal olunub ekranlara buraxıldı.
   
   “Problemlərlə üz-üzə”
   
   “Bəxtiyar” bədii filmi onun quruluşçu rejissor kimi kinoda ilk böyük müstəqil işi idi. Lakin qəribə də olsa, L.Səfərov bu filmi çəkməyə hazırlaşanda ona bədii filmlər rejissoru adı hələ də verilməmişdi. Baxmayaraq ki, Bakı kinostudiyasının attestasiya komissiyasının qərarı ilə hələ 1951-ci ildə ona rejissor adının verilməsi üçün sənədlər Moskvaya təqdim edilmiş, lakin məsələ həll edilməmişdi.
   Bu məsələ hələ öz həllini tapmamış L.Səfərovun qarşısına daha bir çətinlik çıxdı: filmin çəkilişi prosesində qrupun üzvlərinə hədə-qorxu gəlirdilər ki, işi yarımçıq qoysunlar. Bu barədə filmin ssenari müəlliflərindən biri, yazıçı N.Rojkovun Azərbaycan mədəniyyət nazirinə göndərdiyi məktubda ətraflı bəhs olunur: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir... Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz “Mahnı ilə eldən-elə” kinofilmi (“Bəxtiyar” filminin əvvəlki adı - A.K.) olmayacaqdır. 18 iyun 1954-cü il”.
   Yaradılan bütün maneələrə baxmayaraq L.Səfərov ruhdan düşmür, həvəslə işləyir, nəhayət, filmi çəkib başa çatdırır. “Bəxtiyar” musiqili filmi Sovet İttifaqının ekranlarında uğurla nümayiş etdirilir.
   İki il sonra rejissor L.Səfərov yazıçı H.Seyidbəylinin “Kənd həkimi” povesti əsasında yazdığı ssenari üzrə “Qızmar günəş altında” bədii filminə quruluş verir. Film respublikamızın çayçılıqla məşğul olan kolxozlarından birinin quraqlıqla mübarizə aparan zəhmət adamlarına, onların gündəlik qayğılarına, əmək və məişətinə, əkin sahələrini genişləndirmək, eyni zamanda suvarma işlərini qaydaya salmaq məqsədilə su hovuzunun tikintisi üçün tədbirlər görülməsinə həsr olunub.
   Filmdə A.Gəraybəyli, L.Məmmədbəyov, Ə.Məmmədov, F.Mustafayev, M.Şeyxzamanov, İ.Əfəndiyev, A.Qurbanov, A.Cavadov, M.Kələntərli kimi peşəkarlarla yanaşı qeyri-aktyorlardan Ə.Fərzəliyev, S.Qasımova, S.Manafova, Z.Gəraybəyova da çəkilmiş və maraqlı surətlər yaratmışlar.
   Filmin ümumittifaq ekranlarına buraxılması ilə əlaqədar bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində oxuyuruq: “Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir... Lakin bu səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir”.
   1958-ci ildə L.Səfərov yenidən sənədli kinoya qayıdaraq “Bakı və bakılılar” kinooçerkini yaradır. Özünün ssenarisi əsasında lentə aldığı bu filmi qədim şəhər barədə parlaq salnamə adlandırmaq olar. Film 1958-ci ildə Moskvada keçirilən sovet filmlərinin ümumittifaq kinofestivalında III dərəcəli diploma layiq görülmüşdü.
   
   (Ardı var)
   
   Aydın Kazımzadə