Oliver Hirşbigel: “Biz “Bunker” filmində ədəbsizlik etmədən öz tariximizi danışmışıq”
Yaradıcılığının ilk illərində dram və triller janrında televiziya filmləri çəkən alman rejissoru Oliver Hirşbigel böyük kinoya 2001-ci ildə ekranlaşdırdığı «Eksperiment» filmi ilə gəldi. Həbsxanada baş verən real hadisələr əsasında çəkilən filmi tənqidçilər müsbət dəyərləndirdi. Bundan sonra rejissorun həyatını yenidən başlamaq istəyən yaşlı bir qadının monoloqundan bəhs edən «Mənim sonuncu filmim» ekran əsəri də böyük uğur qazandı.
Daha sonra Hollivuda dəvət olunan rejissor dünya kinosunda yəqin ki, 2004-cü ildə ekranlaşdırdığı qalmaqallı «Bunker» filmi ilə qalacaq. Hitlerin şəxsi katibəsi Traudl Yunqenin xatirələri əsasında çəkilən və faşist rejiminin son günlərini təsvir edən film qızğın diskussiyalar yaratdı. Alman cəmiyyətində arzuolunmaz sayılan mövzunu işıqlandıran rejissorun filmdəki yanaşması, Hitlerə insani aspektdən yanaşması ölkəsində etirazlar doğurdu. Bununla belə film festivallarda mükafatlar topladı və hətta “Oskar” mükafatına nominant da oldu. «Bunker» filmi bu gün də alman mətbuatında müzakirə olunmaqdadır. Alman internet portallarından birində Oliver Hirşbigellə yayımlanan müsahibəni təqdim edirik.
- «Bunker» filmini sizin növbəti eksperimentiniz adlandırmaq olar?
- Biz filmin istehsalı zamanı kino sənətinin müəyyən qaydalarını nəzərə almadıq. Yəni klassik qaydaları olmayan bir süjet qurduq, filmdə baş qəhrəmanlar, klassik şər, antoqonistlər yoxdur, sadəcə çoxlu obraz var.
- Layihə necə həyata keçirildi? Mövzuya müraciət etmək sizin şəxsi səbəblərinizlə bağlı idi?
- Hələ yeniyetməlik yaşlarından üçüncü Reyx mövzusu məni cəlb edirdi. Bu haqda düşüncələr məni rahat buraxmadığından uzun illər mövzunu araşdırdım. Filmin prodüseri Bernd Eichinger film çəkməyi təklif edəndə mövzu ilə bağlı ilkin bilgilərim çox geniş idi. Amma ilk reaksiyam belə oldu ki, bu filmi çəkə bilmərəm, eyni zamanda onu reallaşdırmağın mənim üçün asan olduğunu düşünürdüm. Aydın idi ki, əgər filmi çəksəm, o zaman bütün diqqətimi obrazlara və bu primitiv ideologiyaya yönəltməliyəm. Amma film ideyasının məni rahat buraxmadığını və daxilimdə filmi çəkmək üçün psixoloji hazırlığın olduğunu duyurdum. Filmi çəkməkdə əsas məqsəd hər şeydən əvvəl yəqin ki, bunu bir alman olaraq tarixi bir tapşırıq kimi görməyim, qəbul etməyim idi.
- Siz rejissor kimi işinizi necə qurursunuz və aktyorlarla necə işləyirsiniz?
- Mən heç vaxt çəkiliş meydançasında özümü eqoist aparmamışam . Mənim belə bir problemim yoxdur, işlədiyim insanlara nə istədiyimi deyirəm. Çünki nə istədiyimi əksər hallarda dəqiq bilirəm. Çəkiliş meydançasında heç vaxt uzun diskussiyalar, incikliklər olmur. Aktyor öz, mən isə öz tapşırıqlarımı yerinə yetirirəm. Əgər səriştəli, yaxşı hazırlıqlı insanlarla çalışırsansa, o zaman hər şey yolunda olur. Çəkiliş meydançasında elə atmosfer yaratmağa çalışıram ki, orada hansısa xırda intriqalar aparılmasın. Çox şey iş zamanı formalaşır, bunu müşahidə edirəm və onda nə istədiyimi daha dəqiq müəyyənləşdirirəm, beynimə yeni ideyalar gəlir. Bu çox energetik prosesdir.
- Belə energetik proses gücünüzü zəiflətmir?
- Öz gücümün sərhədlərini bilirəm. Gün ərzində 12-13 saat işləyirəm. Artıq işləyəndə güc məni tərk edir. Biz nadir hallarda uzun çəkilişlər edirik.
- «Bunker» filmində böyük aktyorlarla işləmisiniz. Bu, sizi qorxutmadı?
- Əslində hər kəsin qorxusu var. Hər bir yaxşı aktyor səhərlər çəkiliş meydançasına gələndə təşəbbüslərinin alınmayacağından, başa düşülməyəcyindən qorxur. Mənim də həmçinin bu cür qorxularım var. Hitler rolunun ifaçısı Bruno Qansa dedim ki, sən obrazın dərinliyinə kimi getməlisən. Bu təbii ki, onun üçün qorxulu idi. Bəzən gizlicə onun üçün narahat da olurdum.
- Bir Amerika filmində bu mövzuda filmin hadisələri başqa cür görünərdi...
- Bəli, çünki biz başqa cürük, başqa cür nəql edirik. Deyirlər, almanlar şair və mütəfəkkir xalqdır. Bu nə deməkdir? İndiyə kimi anlaya bilmirəm. «Bunker» bir alman filmidir və orada maksimal ölçüdə həqiqətə nail olmaq istəmişəm. Qürur duyuram ki, filmdə biz nəyəsə nail olduq və bir alman filmi kimi «Bunker» böyük etibar qazandı. Biz ədəbsizlik etmədən öz tariximizi danışmışıq. Tariximizlə ünsiyyət bizim gücümüzü zəiflətmir. Biz bunu bacarırıq.
- Bruno Qansın simasında ilk dəfə idi ki, almandilli aktyor bədii filmdə Hitleri əsas obraz kimi canlandırdı. Bu tabunun qırılmasıdır. Siz bu faktı nəzərə alaraq Bruno ilə çəkiliş prosesini necə yaşadınız?
- Təbii ki, çəkilişdə məsuliyyəti dərk edirdik. Nadir hallarda çəkilişə yaxşı hazırlaşan, böyük məsuliyyətlə yanaşan aktyorlarla rastlaşıram. Qans belə aktyorlardan biridir. Biz onunla obrazın incəliyinədək, hərəkətlərinə və duruşuna qədər hər şeyi müzakirə edirdik.
- Filmdə təkcə bunkerdə baş verənləri yox, həm də əsgərlərin və əhalinin təəssüfünü də göstərmisiniz...
- Mən əzabın, dəhşətin üzərindən etinasızcasına keçən müharibə filmlərinə nifrət edirəm. Müharibə idbarlıqdır, qorxuncdur və əgər müharibədən söhbət edirlərsə, o zaman onu belə də təsvir etməlidirlər.
- Tənqidçilərin diqqətini çəkən səhnələrdən biri uşaqlarının milli sosializm olmayan dünyada yaşamasını istəməyən Maqda Gebbelsin onları zəhərləməsidir. Səhnə təbii və qəddarlıqla çəkilib, sanki siz real olan səhnəni çəkmisiniz.
- Mən təfərrüatları çəkməyi vacib saymışam. Bu səhnə nasist rejiminin bütün dəhşətlərini göstərir və eyni zamanda yəhudilərin, müharibə əsirlərinin sənayeləşdirilmiş qətllərinə işarə edir.
Sevda Əliəşrəfqızı