Dahi bəstəkar Qara Qarayev yazırdı: “Əgər insan öz dövrünün ideyaları və hissləri ilə yaşayırsa və o, bunları ifadə üçün dəqiq forma tapırsa, öz dövrünün həqiqətini, həmçinin təsirli cəhətlərini verə bilirsə - bu, novatorluqdur”. 
   1991-ci ildən bu günə qədər musiqi sənətimizə nəzər salsaq görərik ki, müstəqilliyimizin qığılcımları bəstəkarlıq yaradıcılığında əhatəli şəkildə öz əksini tapmışdır. Məhz bu novatorluğun nəticəsidir ki, həmin ideya ilə əlaqədar yazılan əsərlərin janr çərçivəsi də çox genişdir. Burada biz həm simfoniya, həm simfonik muğam, həm simfonik poema, həm də opera janrına rast gəlirik. İdeyanın həlli yolları fərqli olsa da, əsərlərdə olan fikir mövcudluğu onları birləşdirir. Bu sırada F.Əlizadənin «İntizar», V.Adıgözəlovun «Natəvan» operaları, R.Mustafayevin N.Xəzrinin sözlərinə yazdığı «Salatın» oratoriyası, A.Mirzəyevin «Yanvar passionları», A.Rzayevin «Bakı-90» simfoniyası, T.Bakıxanovun «Qarabağ harayı» simfoniyası, «Humayun» simfonik muğamı və s. bu kimi vətənpərvərlik ruhlu, dövrün gerçəkliyinə qarşı yaradıcı insanın çağırışı və musiqi təfəkkürünün bəhrəsi kimi mənalandırıla bilən əsərlər vardır. 
   İlk öncə Azərbaycan və dünya musiqi sənətinin inkişafında mühüm rol oynayan, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operasına müraciət edək. F.Əlizadənin yaradıcılığında opera janrı xüsusi yer tutur. Bəstəkar hər bir əsərində milli ruhu, fəlsəfi və estetik mənalı obrazları ilə xeyli fərqləndiyi kimi, opera janrında da bu xüsusiyyətlərinə sadiq qalmışdır. Operanın adından bəlli olduğu kimi, müəllif xalqının həyatında baş verən hadisələrə biganə qalmır. «İntizar» operasında F.Əlizadə Azərbaycan xalqının faciəsini dolğun şəkildə təcəssüm etdirərək bütün dünyaya olan çağırışını və mövqeyini dolğun şəkildə çatdırmağa çalışır. Bəstəkar tarixin hələ ilk çağlarından - iki qardaş Habil və Qabilin dövründən bu günə qədər aktual olan şərlə xeyirin mübarizəsini tamaşaçı qarşısına çıxararaq onun səhnə həllini məharətlə göstərə bilib. Opera ümumən Qarabağ münaqişəsi və Azərbaycan xalqının faciəsi haqqındadır və xeyirxah məqsəd naminə xalqın aldığı zərbələrə baxmayaraq öz idealı uğrunda apardığı mübarizə və gələcəyə inam ideyasına tabedir. Müəllif bu problemi ümumiləşdirərək bir sülh göyərçini kimi dünyadakı bütün əmin-amanlıq istəyən insanları təmsil edərək onların həyatına təşviş gətirən qüvvələrə qarşı çıxır.
   Vasif Adıgözəlovun «Natəvan» üçpərdəli operası Xurşudbanu Natəvan - XIX əsr Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı haqqındadır. Operadakı bütün əhvalatlar Qarabağda (Şuşada) vaqe olur. Baş verən hadisələrdə bir daha əsrlərdən bəri qara qüvvələrin bu diyara göz dikməsi mövzusunu üslub özəllikləri ilə qələmə alan bəstəkar operada bu diyarın musiqi ruhuna - “Segah”a və ona əsaslanan digər muğam, təsnif və rənglərə söykənir. Müəllif bu cür münasibətlə bir daha Qarabağın Azərbaycan üçün acılı və ağrılı bir problem olaraq qalmasını qabarıq şəkildə göstərərək əsərdə muğamın obraz rəngarəngliyindən məharətlə istifadə edir. Əsərdə bəstəkarın maraqlı yaradıcılıq tapıntıları özünü göstərir. Xatırladaq ki, səhnələrdən birində səslənən «Qarabağ şikəstəsi» bəstəkarın 1989-cu ildə qələmə aldığı və xalqımızın Qarabağ problemi ilə bağlı etiraz səsini təcəssüm etdirən ilk bəstəkar əsəridir. «Qarabağ şikəstəsi» V.Adıgözəlovun eyniadlı oratoriyasının son - yeddinci hissəsindən alınmış və bəstəkar janrın sərhədlərini aşaraq əsəri bir tərəfdən proqramlı simfoniya janrı, digər tərəfdən isə öz teatral tərtibatına görə opera janrının elementləri ilə zənginləşdirmişdir. Oratoriya Teymur Elçinin sözlərinə yazılmışdır. T.Elçin də öz növbəsində poetik mətnində milli ənənələri daha qabarıq qeyd etmək və dinləyicinin qəlbinə yol tapmaq naminə şifahi ənənənin nümunəsi olan bayatı və qoşmadan istifadə etmişdir. 
   Azərbaycan simfonik musiqisində forma və üslub baxımından daimi axtarışları ilə fərqlənən Cövdət Hacıyevin öz maraqlı şərhləri və mövzuya yanaşması ilə seçilən “20 Yanvar” adlı altıncı simfoniyasını, «Şəhidlər» adlı yeddinci simfoniyasını, ulu öndər Heydər Əliyevə ithaf olunan “Onu zaman seçmişdir” simfoniyasını qeyd etmək olar. Bəstəkarın üç hissədən ibarət «Onu zaman seçmişdir» simfoniyası daxilində demək olar ki, xalqın müəyyən bir dövrdə müfəssəl şəkildə keçdiyi azadlıq yolu, faciəsi, iztirabları maraqlı bir dramaturji xəttin köməyi ilə təcəssüm olunur. Maraqlıdır ki, sonuncu hissədə bəstəkar emosional əhval-ruhiyyəni dəyişdirərək xalqın gələcək qələbəsini vurğulayır. 
   Bəstəkar Azər Rzayev qeyd edir ki, «Mənim üçün ən böyük sevinc hissi dinləyicinin tələblərini qane edən əsərlər yaratmaqdır». Bəstəkarın dövrün tələblərinə cavab olaraq Qanlı Yanvar hadisələrinə, şəhidlərimizə həsr etdiyi «Bakı-90» simfoniyası təqdirəlayiqdir. Bu simfoniya onun yaradıcılığının monumental əsərlərindən biri kimi qiymətləndirilir. Hər bir bəstəkarın yaradıcılığında olduğu kimi, A.Rzayev də bu hadisələrin daha real təcəssümü üçün özünəxas həll yollarını tapmışdır. Bəstəkar Quran ayəsinin oxunması ilə bir daha mərasim ayininin əhval-ruhiyyəsini yaradaraq xalqın dərin kədərini və qəmini əks etdirir. Musiqişünas L.Quliyeva əsəri təhlil edərək qeyd edir ki, simfoniyanın kulminasiya nöqtəsində faciəni daha da qabarıq vermək üçün «Qurani-Kərim»in «Bəqərə» surəsindən beşinci ayənin oxunması simfonik musiqimizdə ilk dəfə işlədilmişdir. 
   Digər bəstəkarın adını mən xüsusi qeyd etmək istərdim, çünki onun yaradıcılığında biz 1990-cı ildən bəri baş verən hadisələrlə bağlı həm mahnı janrı, həm də oratoriya janrına təsadüf edirik. Ramiz Mustafayev haqqında danışarkən daha çox bu epitet işlədirlər - patriot bəstəkar. Torpaqlarımız uğrunda başlanan savaş onun yaradıcılığından yan keçməyib. Burada «Salatın» oratoriyası, «Haqq sənlədir», «Bu qan yerdə qalan deyil» kantataları və İ.Göyçaylının sözlərinə yazılmış «Bizim səhərin günəşi» və «Qarabağ azad olunacaq» mahnılarıdır. Bəstəkar «Salatın» oratoriyasını 1992-ci ildə Nəbi Xəzrinin xalqımızın qəhrəman qızı, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş jurnalist Salatın Əsgərovanın xatirəsinə qələmə aldığı «Salatın» rekviyeminin mətni əsasında yazmışdır. Yeddi hissədən ibarət oratoriyada bəstəkar Azərbaycan qadınının obrazını yaradaraq baş verən faciəvi hadisələrdə qəhrəmanın analıq xüsusiyyətlərini, Vətəninə və öz işinə olan sədaqətini dolğun şəkildə təsvir edə bilmişdir. 
   Qeyd etdiyimiz əsərlərin proqramlı konsepsiyasından fərqli olaraq, Tofiq Bakıxanov 90-cı illərin faciəsi olan Xocalı soyqırımına münasibətini S.Məmmədzadənin mətnindən istifadə edərək «Qarabağ harayı» (simfoniya ¹7) və «Humayun» simfonik muğamını bəstələyərək bildirmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Bayraməlibəyli qeyd edir ki, Xocalı faciəsinə Bakıxanov - sənətkar və vətəndaş simfonik muğam «Humayun» ilə hay verdi və əsər rekviyem-muğam kimi səsləndi ki, bu da simfonik muğam janrında qeyri-adi bir yenilik idi. 
   Arif Mirzəyev isə bu hadisələrə müraciət edərək 1992-ci ildə «Yanvar passionları» (1990-cı ilin Yanvar faciəsi qurbanlarının xatirəsinə) adlı islam matəm messasını və 1996-cı ildə Xocalı uşaqlarına “Laylay” - solo orqan üçün əsərlərini yazmışdır. 
   Nəticə olaraq qeyd etməliyəm ki, bütün bu qeyd olunan əsərlər bəstəkarlarımızın yaradıcılıq məhsulu kimi o dövr gerçəkliyini əhatə edir və əsl sənətkar-vətəndaş mövqeyini bir daha nümayiş etdirərək müstəqilliyimizin ilk illərində bizim bu sınaqlardan şərəflə çıxdığımızın parlaq sübutudur. Bu musiqi əsərləri geniş mənada Azərbaycan xalqının əsrlər boyu azadlığı uğrunda real mübarizəni əks etdirən və gələcək nəsil üçün zamanın süzgəcindən keçərək silinməyən abidələrdir. 
   
   Lətifəxanım Əliyeva
   sənətşünaslıq üzrə fəlsəfə doktoru