Lətif Səfərov - 90
II məqalə
(Əvvəli ötən sayımızda)
Bədii filmlər çəkilişi sahəsində beşillik fasilədən sonra Lətif Səfərov Yaxın Şərq ədəbiyyatında çox məşhur olan “Leyli və Məcnun” əfsanəsinə müraciət edir. Bunun üçün yazıçı Ənvər Məmmədxanlı dahi söz ustası Məhəmməd Füzulinin eyniadlı ölməz əsərinin motivləri əsasında ssenari yazır. Şərq poeziyasında yüz illərlə yaşayan qədim rəvayət çağdaş zəmanəmizin yeni poetik kino hekayəti kimi düşünülmüşdü. Amma ssenaridən irəli gələn və ekranda rejissor həllini tapmayan bir sıra epizodların sxematik işlənməsi filmin bədii dəyərini xeyli aşağı salmışdı. Baxmayaraq ki, filmdə Ə.Zeynalov, Ə.Ələkbərov, N.Məlikova, A.Gəraybəyli, A.İsgəndərov, M.Şeyxzamanov kimi görkəmli sənətkarlar çəkilmişdilər.
“Xalq düşməninin oğlu”
“Leyli və Məcnun” filmini çəkən ili 1961-ci ildə L.Səfərov kinematoqrafçıların Moskvada keçirilən ümumittifaq konfransında çıxış edərkən demişdi: “Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafda isə uğursuz alınmış epizodu təzədən çəkməyə cəhd elə! Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək lazım deyil ki, o da axırda gücdən düşüb əlini yelləsin”.
İlk bədii filmini çəkdiyi dövrdən ona təzyiqlər olmuş, taleyin gözlənilməz zərbələrinə məruz qalmış, lakin heç vaxt heç kəsin qarşısında əyilməmiş, sənətə xəyanət etməmişdi. Bu dönməz xarakter həyatın hər üzünü görmüş Lətifdə ta uşaqlıqdan formalaşmışdı. Valideynləri yaxın qohum olublar - əmioğlu və əmiqızı. Onlar ayrılanda Lətifin cəmi 4 yaşı olub. Bu bəs deyilmiş kimi, Lətif bir neçə ildən sonra daha bir sarsıntı keçirməli olur: 1937-ci ildə atası Bəşirə “xalq düşməni” adı verib, Sibirə göndərirlər.
Lətif Moskvada Kinematoqrafiya İnstitutunun I kursunda oxuyarkən Böyük Vətən müharibəsi başlanır. Tələbələrlə birgə Smolensk vilayətində müdafiə xəttinin tikintisində yaxından iştirak edir. Yay tətilində “Mosfilm” kinostudiyasında işləyir. İnstitut Almatıya köçürülərkən vəsaitin olmaması ucbatından geriyə, Bərdəyə - anasının yanına qayıdır. Buradan onu orduya çağırırlar. Lakin səhhətinə görə hərbi xidmətə yaramadığı üçün ordudan tərxis olunur. Lətif Bərdə rayon mülki tədris şöbəsində hərbi inspektor işləyir. Müharibədən sonra o, yenidən Moskvaya təhsilini davam etdirməyə gedir. Təhsilini başa vurandan sonra Bakı kinostudiyasına həyat yoldaşı Faina Nikolayevna ilə qayıdır. O, Moskvada oxuyarkən öz tələbə yoldaşı ilə evlənmişdi, bir oğlu, bir qızı var idi. Oğlunun adı Lətif, qızının adı isə Anna idi. Onlara köhnə kinostudiyanın həyətində, pavilyonun arxa tərəfində kiçik bir otaq vermişdilər. Amma bu izdivac uzun sürmədi və günlərin birində ailə dağıldı. Lətif atasız böyüyəcək uşaqlarının gələcək taleyini düşünüb, vicdan əzabı çəkirdi. O, Saratov şəhər Xalq Məhkəməsinə məktub yazıb, uşaqları üçün aliment kəsilməsini xahiş edir. Hətta məktubuna aylıq maaşı göstərilməklə arayış da əlavə edir.
Aldadıcı rahatlığın arxasında çarpışmalar
L.Səfərov bundan sonra yenidən yaradıcılığa qayıdır. Görkəmli dramaturq M.F.Axundovun üç komediyası əsasında bədii film çəkmək istəyir, icazə vermirlər. “Səhər” filminin çəkilişindən isə özü imtina edir. Nəhayət, “Qızmar günəş altında” filminin quruluşunu boynuna götürür.
Digər tərəfdən də Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının yaradılması işinə başlayır. Bu vaxt görkəmli sənətkar, müğənni Şövkət Ələkbərova ilə ailə qurur. Həyat getdikcə öz məcrasına düşür. Sən demə, bu rahatlığın, sakitliyin arxasında daha böyük təlatümlər, gözlənilməz hadisələr dururdu. O, istər respublika, istərsə də ittifaq miqyasında kinematoqrafiya sahəsində baş verən hadisələrə biganə qala, haqsızlıqlara göz yuma bilmir, həmkarlarının ədalətsiz hərəkətləri onun ürəyini ağrıdır, hövsələdən çıxarır. Hər yerdə - studiyadan tutmuş ən mötəbər məclislərədək o, kəskin çıxışlar edir, Azərbaycan kinosu barədə əsl həqiqətləri deməkdən çəkinmirdi. Bununla da müxtəlif rütbəli, vəzifəli adamları özünə qarşı qaldırırdı. Özü zərbələrə məruz qalsa da, ümumi işin naminə susmur, öz kəsərli sözünü deyirdi. Başqa cür olmağı bacarmırdı, xasiyyəti belə idi.
“Mən əyalət adından çıxış edirəm”
Kino işçilərinin ümumittifaq müşavirəsindəki (1952) çıxışı L.Səfərovun mərd və namuslu xarakterə malik sənətkar olduğunu göstərir: “...Mən əyalətdənəm. Bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm... Əyalətdə işləyən adamlar unudulurlar... Əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər... Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər...”
Sonra L.Səfərov kürsüdən üzünü moskvalılara tutub deyir: “Deyin, biz tələbə skamyasında yanaşı oturmamışdıqmı? Niyə bir parasının hər şeyi var, o birisinin yoxdur. Biz pis kinolent, köhnə aparatlar, ləngər vuran ştativlər üzündən epizodu epizod dalınca itiririk. Nəyə görə mərkəzdə adamlar öz tariflərini artıra bilirlər, əyalətdə isə yox? Bizim nəhayət, soruşmağa haqqımız var: hamı üçün eyni imkanlar nə vaxt yaranacaq?”
Kinorejissor L.Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçiləndən sonra da öz mübariz xarakterini dəyişməyib, vəzifə kürsüsündə oturmağına baxmayaraq mövcud nöqsanlara qarşı səsini ucaltmaqda davam edirdi. Onun 1961-ci ildə Moskvada keçirilən ümumittifaq konfransındakı çıxışından: “Kinematoqrafçı kinodan uzaqlaşa bilməz. Kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər? Daha başqa cür yaşaya bilmərik... Daha belə olmaz. Taleyini kinematoqrafa bağlamamış adamların bizim əvəzimizə və bizim üçün işləyib hazırladıqları o qanunları, təlimatları dəf eləməyə bu qədər artıq əsəb korlamaq, güc sərf etmək olmaz...”.
Ümumittifaq miqyasında, dövlət səviyyəsində bu cür qətiyyətli çıxışların müəllifinə nəinki dövlət məmurlarının, hökumətin münasibətinin necə ola biləcəyini başa düşmək o qədər çətin deyildi. Bunun nəticəsi idi ki, 1963-cü ilin yanvarında Respublika Kinematoqrafiya İşçiləri İttifaqının I təsis qurultayında ittifaqın sədrliyinə L.Səfərov deyil, H.Seyidbəyli seçildi. Düzdür, o idarə heyətinə seçilsə də, Moskvaya qurultaya gedənlər arasında olmadı. Beləliklə də, o, göz görə-görə çətinliklə yaratdığı Kinematoqrafçılar İttifaqından uzaqlaşdırıldı.
Bu yandan da içərisini xırda-xırda didib-dağıdan xəstəlik ona göz açmağa imkan vermirdi. Uşaqlıqdan hər cür əzab və məhrumiyyətlərə, fiziki və mənəvi ağrılara dözməyə alışmış L.Səfərov, nəhayət, günlərin birində öz qətlinə fərman verir. 1963-cü il dekabrın 9-na keçən gecə tüfəngdən açdığı atəş səsi təkcə onun ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. “Həyat necə də gözəldir” deyən sənətkar çəkdiyi filmlərini bizə yadigar qoyub, bu qəribə və təzadlı, mən deyərdim, əzablı həyatı həmişəlik tərk edir.
Filologiya elmləri doktoru A.Zamanov L.Səfərovla yaxın dost olub, hətta Abbas müəllim ədəbi ssenarilərin Azərbaycan dilində mükəmməl yazılmasında rejissor dostuna kömək edib. O, dostu barədə xatirələrində yazıb: “Lətif Səfərov professional kinematoqrafçı idi, obrazların daxili məntiqinə nüfuz edərdi. Mütaliəsi geniş, nəzəri biliyi dərin idi. Həmişə axtarışda olardı. Hər cəhətdən hazır olmayınca filmin çəkilişinə başlamazdı. Açılmış yollarla getməzdi, heç kəsi yamsılamazdı, öz səsi, öz nəfəsi vardı. İnsanları, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacarırdı. Prinsipial, inadkar və son dərəcə çılğın idi...”
Rəsul Rzanın “Rekviyem”i
Lətif müəllim rəhmətə gedən günü onun çox yaxın dostu, böyük şairimiz Rəsul Rza Bakıda yox idi. Dostunun ölümü onu bərk sarsıtmışdı. Müəyyən vaxt keçəndən sonra Lətif Səfərovun ölümünə həsr etdiyi “Rekviyem”i yazdı. Həmin “Rekviyem”dən bir parçanı oxucuların nəzərinə çatdırıram:
... Addımladıq ömür yolunu
sən ayrı, mən ayrı.
Rastlaşdıq
gah iclasda, gah səfərdə,
gah ekranda,
gah səhifələrdə.
Bir gün,
adi günlərdən biri,
söhbətimiz çatanda sona
sən evə yollandın.
mən Hindistana.
Sağ-salamat gəl!
Görüşərik! -deyəndə,
qəlbində ölüm ağrısı
varmış.
Ayrıldıq.
Nə “əlvida” dedin,
nə baxışında
son görüşün ağrısı vardı!
Nə sözlərində bir damla acı,
nə dilində
ürəyini boşaltmaq ehtiyacı.
Bəlkə boşalsaydı ürək
belə olmazdı heç.
Nə bilək.
Lətif Səfərovun kino işçilərinə vəsiyyəti
Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun ilk sədri kimi Lətif Səfərovun vaxtilə kino işçilərinə müraciətlə dediyi bu sözləri gərək ağsaqqal vəsiyyəti kimi qəbul edib, heç vaxt unutmayaq: “Gəlin əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”.
(Ardı var)
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi