Xəbər verdiyimiz kimi, yanvarın 10-da AMEA-nın Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Musiqi məbədindən elm məbədinə” adlı birgə layihəsi çərçivəsində Üzeyir Hacıbəyliyə həsr olunmuş musiqili lektoriya təşkil olunub.
Alimlər Evinin direktoru Nuridə Quliyeva layihə barədə məlumat verib və ilk lektoriyanın dahi bəstəkar və alim Üzeyir Hacıbəyliyə həsr olunduğunu vurğulayıb.
BMA-nın professoru Ceyran Mahmudova “Üzeyir Hacıbəyli - görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda mühazirə ilə çıxış edib. Bəstəkarın həyat və fəaliyyəti, çoxşaxəli yaradıcılığı, ərsəyə gətirdiyi sənət inciləri barədə məlumat verilib. Ü.Hacıbəylinin həm də Azərbaycanda musiqi təhsilinin banilərindən olduğu, musiqi mədəniyyətimizin inkişafında xidmətləri xüsusi qeyd edilib.
Nəzərə çatdırılıb ki, böyük istedada malik sənətkar yeni musiqi formalarının, həmçinin operanın və operettanın əsasını qoyub. Ömrünü Azərbaycan musiqi elminin, ədəbiyyatının və mədəniyyətinin inkişafına həsr edən alim bir çox musiqi və dram əsərləri, felyetonlar, elmi-publisistik məqalələr, dərsliklər yazıb, tərcümələr edib, ictimai işlərdə fəal çalışıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə musiqili lektoriyanın akademiyada ilk dəfə təşkil edildiyini bildirib, tədbirin keçirilməsinin məqsədinin musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə maraq göstərən insanların biliklərini daha da zənginləşdirmək olduğunu söyləyib.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli zəngin həyat yolu keçmiş bəstəkarın elmi-pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətlərindən və ədəbi irsinin əhəmiyyətindən danışıb.
BMA-nın tələbələri - beynəlxalq və respublika müsabiqələri laureatları Aydan Quliyeva, Firuzə Nəcəfli, Mahir Tağızadə, Prezident təqaüdçüsü Atabala Manafzadə Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kiçik konsert proqramı ilə çıxış ediblər.