Yanvarın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu təhsil ocağının Opera studiyasının “#BakuOperArt” layihəsinin təqdimatı olub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova çıxış edərək opera sənətinin tarixindən danışıb. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləmək, sevdirmək və bu sənətə diqqət cəlb etməkdir.
Layihə çərçivəsində italyan və fransız bəstəkarlarının operalarından parçalar səsləndiriləcək. Onlar Bakıda az səhnələşdirilmiş operalardır. Həmçinin, Bakıda 40 ildən çoxdur səhnələşdirilməyən Şarl Qunonun “Faust” operasından bütöv akt nümayiş ediləcək.
Sonra ifalar təqdim edilib. Proqramda Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştand, Adil Axundov və başqa solistlərin çıxışları ilə yanaşı, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə xor nömrələri də yer alıb. Konsertlərin bədii rəhbəri Xalq artisti, professor Fəxrəddin Kərimovdur.