Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında Qara Yanvarın 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. 
   İttifaqın katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək Azərbaycan bəstəkarlarının 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri haqqında məlumat verdi. Bildirdi ki, bu mövzuda yazılan əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük rol oynayır. 
   Sonra bəstəkar, Əməkdar incəsənət xadimi Azər Dadaşovun solistlər, xor və simfonik orkestr üçün 9 saylı “20 Yanvar” simfoniyası və Əməkdar incəsənət xadimi Rauf Əliyevin Fikrət Qocanın sözlərinə xor və simfonik orkestr üçün “Azadlığa gedən yollar” odası səsləndirildi. Hər iki əsər Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lentə yazılıb.
   Həmçinin, bəstəkar Sərdar Fərəcovun “Vətən dara düşəndə” marşı, Azad Zahidin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi “Şəhidlər”, “Vətən, sənin şəhidlərin”, “Bayraqtəpə qartalları” və “Çağırış” mahnılarına çəkilmiş yeni kliplər nümayiş etdirildi.
   Əməkdar artist Elza Seyidcahanın Məryəm Aslanın sözlərinə bəstələdiyi vokal kompozisiya - “Şəhidlər” balladası solistlərin və Pantomima Teatrı aktyorlarının ifasında təqdim edildi. 
   Bəstəkarlar İttifaqı idarə heyəti üzvlərinin, tanınmış musiqi xadimləri və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə musiqişünaslar, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi Həcər Babayeva, həmçinin bəstəkarlar, Xalq artisti Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Rəna Qədimova və başqaları çıxış edərək təqdim olunan əsərlər barədə fikirlərini bölüşdülər. 
   
   L.Azəri