London Universitetinin Şərq və Afrika araşdırmaları fakültəsində (SOAS) tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “Azərbaycanda muğam: Yeni tendensiyalar və klassik ənənələr” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə SOAS Musiqi Departamenti, “Vostok” Cəmiyyəti və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı ilə baş tutub.
Tədbirə SOAS-ın mühazirəçisi və vaxtaşırı BBC Radio 3-də musiqi icmalçısı kimi çıxış edən Lüsi Düran, dünyanın aparıcı dövri musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru və “Evening Standard” qəzetinin köşə yazarı Saymon Brouton da daxil olmaqla 70-dən çox iştirakçı qatılıb.
S.Bağırova muğamın klassik ənənələri barədə danışaraq bildirib ki, Azərbaycan muğam sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib. O həm Azərbaycan, həm də xarici musiqiçilərin ifalarını təhlil edərək deyib ki, bu ifaçılar muğam ənənəsinə yeni yanaşma tətbiq edir, klassik musiqi ilə caz musiqisini muğamla birləşdirərək çox gözəl effekt yaradırlar.
Mühazirə Böyük Britaniyada yaşayan tar ifaçısı Rafiq Rüstəmovun ifası ilə müşayiət olunub. Rafiq Rüstəmov Ağdamda doğulub. “Qarabağ bülbülləri” ansamblının rəhbəri olub. Onun “Bayatı-Şiraz” muğamından bir parça və “Rast” muğamının variantlarını virtuoz şəkildə ifa etməsi dinləyicilərdə rəğbət doğurub.