Azərbaycan
   
   21 yanvar 1907 - Tanınmış tarixçi və iqtisadçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907 - 22.1.1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə dair dəyərli tədqiqat əsərlərinin müəllifidir.
   21 yanvar 1950 - Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (1950 - 9.1.2016) Borçalı mahalının (Gürcüstan) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, “Şair harayı”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-ci ildən) olub.
   21 yanvar 1924 - Məşhur bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. Azərbaycanda opera ("Gəlin qayası") yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim" operettasının, populyar mahnıların ("Mehriban olaq", "Nədən oldu", “Gözlərimin işığı" və s.), romansların müəllifidir.
   21 yanvar 2000 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərov (22.2.1924, Şuşa - 2000) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. operettalar, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.
   21 yanvar 2008 - Azərbaycan vokal sənətinin tanınmış nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929 - 2008) vəfat edib. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
   
   22 yanvar 1892 - Görkəmli boyakar və qrafika ustası Bəhruz Kəngərli (1892-1922) Naxçıvanda anadan olub. Əsərlərində Vətənin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. Kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri muzeylərdə sərgilənir.
   22 yanvar 1926 - Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub. 
   22 yanvar 1944 - Xalq artisti Hacı Məcid oğlu İsmayılov Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışır. «Ad günü», “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   22 yanvar 1971 - Əməkdar artist Elşən Rüstəmov Masallıda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyorudur. “İtkin gəlin”, “Özgə vaxt”, “İstanbul reysi” və s. filmlərdə maraqlı obrazlar yaradıb. 
   
   23 yanvar 1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa Mircəfər oğlu Məmmədov anadan olub. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solisti olub. “Cücələrim” rəqs ansamblına rəhbərlik edib. Milli rəqs sənətimizin inkişafında xidmətlər göstərib, “Arşın mal alan” (1965) filmində rəqslərin quruluşunu (Əminə Dilbazi ilə) verib.
   23 yanvar 1945 - SSRİ Xalq Komissarları Soveti Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar qəbul edib. 1925-ci ildə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmış, 1929-cu ildə onun əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdi. 1932-ci ildə institutun bazasında SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi, 1936-cı ildə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrildi. Filialın bazasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. 1945-ci ilin martında akademiyaya ilk üzvlər seçildi. 
   23 yanvar 1946 - Əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Əfrasiyab oğlu Adıgözəlzadə anadan olub.
   23 yanvar 1949 - Tarzən, Əməkdar artist, professor Həmid Şamil oğlu Vəkilov Bakıda anadan olub.
   23 yanvar 1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru, professor Rafiq Hüseyn oğlu İmrani anadan olub. 
   23 yanvar 2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935 - 2011) vəfat edib. Azərbaycan televiziyasının ilk futbol şərhçisi olub.
    
   24 yanvar 1905 - Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. «Azərbaycan ədəbiyyatı» və s. kitabların müəllifidir. 
   24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov (1909 - 9.8.1983) anadan olub.
   24 yanvar 1922 - Aşıq Şakir (Şakir Şahverdi oğlu Hacıyev; 1922 - 10.4.1979) anadan olub.
   24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov anadan olub.
   24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində doğulub. 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışır.
   
   Dünya
   
   21 yanvar 1861 - Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies, 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.
   21 yanvar 1905 - Polyak əsilli sovet yazıçı-dramaturqu, şair, ssenarist Vanda Lvovna Vasilyevskaya (1905-1964) anadan olub. “Sular üzərində nəğmə” trilogiyası, “Vətən”, “Çaylar yanır” romanlarının müəllifidir.
   21 yanvar 1906 - SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Moiseyev (1906-2007) anadan olub.
   
   22 yanvar 1561 - İngilis filosofu, tarixçi, şair Frensis Bekon (Francis Bacon, 1561-1626) anadan olub.
   22 yanvar 1729 - Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing, 1729-1781) anadan olub.
   22 yanvar 1788 - İngilis romantik şairi Corc Qordon Bayron (George Gordon Byron, 1788 - 19.4.1824) anadan olub.
   22 yanvar 1898 - Rus rejissoru, ssenarist, kino nəzəriyyəçisi və pedaqoq Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub. Məşhur filmləri: “Oktyabr”, “Aleksandr Nevski”, “İvan Qroznı”.
   22 yanvar 1904 - Rus yazıçısı Arkadi Qaydar (Qolikov, 1904-1941) anadan olub. Uşaqlar üçün əsərlərin (“Timur və onun komandası” və s.) müəllifidir. 
   
   23 yanvar 1783 - Fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle - Stendhal, 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
   23 yanvar 1832 - Fransız rəssamı, impressionizmin banilərindən biri Eduard Mane (Edouard Manet, 1832-1883) anadan olub. 
   23 yanvar 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Aleksandrov (Mormonenko; 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.
   23 yanvar 1989 - Dünya şöhrətli ispan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904 - 1989) vəfat edib. 
   
   24 yanvar 1732 - Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
   24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı” romanları, “Qızıl qazan” povesti, “Şelkunçik (findıqqıran - red.) və siçanlar kralı” nağılı (P.İ.Çaykovski nağıl əsasında balet yazıb).
   24 yanvar 1848 - Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub. Əsərləri: “Strelets edamının səhəri”, “Suvorovun Alp dağlarını aşması”, “Stepan Razin” və s.
   24 yanvar 1901 - SSRİ Xalq artisti, görkəmli kinorejissor Mixail Romm (1901-1971) anadan olub. “Lenin Oktyabrda” bədii, “Adi faşizm” sənədli filmlərinin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan