“Bəşəriyyətin xilası”
   
   Noyabrın 27-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Bəşəriyyətin xilası” bədii filminin Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün təqdimatı keçiriləcək. Hüquq-mühafizə orqanlarının fəaliyyətindən bəhs edən detektiv film bu il Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
   “Bəşəriyyətin xilası” filminin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, operatoru Nadir Mehdiyev, bəstəkarı Aygün Səmədzadədir. Rollarda Kənan MM, Şamil Süleymanlı, Gülzar Qurbanova, Əbdülqəni Əliyev, Xalidə Quliyeva, Zemfira Sadıqova və b. çəkiliblər.
   Film cinayət məqsədilə istifadə olunan və adamları zombiləşdirən məhlul hazırlayan alim haqqındadır. Qeyd edək ki, ekran əsərinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının əməkdaşlarının köməyindən istifadə edilib.
   
   “Sahə”
   
   Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində “Sahə” bədii filminin təqdimat mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, “Nərimanfilm” (Azərbaycan) və “Baqirafilm”in (Gürcüstan) birgə istehsalı olan film xaricdə tanınan fotoqrafın nişanlısı ilə avtomobil qəzasına uğradıqdan sonra xəstəxanaya deyil, polis bölməsinə düşməsindən bəhs edir. Burada baş verən əcaib, müəmmalı, birmənalı izahı olmayan “istintaq”ın sonunda qəhrəman çox şeyləri anlayır, bir sıra yanlışlıqlardan qurtulur.
   2010-cu ilin istehsalı olan ekran əsərinin rejissor və ssenari müəllifi İlqar Safat (İlqar Məmmədov), operatorları Konstantin Esadze, Vako Karçxadzedir.
   Mistik dram janrında çəkilən ekran əsərində rolları Ramiz İbrahimov, Nina Rakova, Debora Kidd, Melissa Papel, Zaza Bejaşvili, Timur Oduşev, Vaqif İbrahimoğlu, Rafiz Mehdizadə, Sona Mikayılova, Məmməd Səfa və b. ifa ediblər.
   Qeyd edək ki, filmin layihəsi Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının (İFASC) iştirakı ilə işlənib hazırlanıb. “Sahə” Azərbaycan və Gürcüstan respublikalarının ilk birgə layihəsi hesab olunur.   

  İntiqam