Gənc heykəltəraş İmran Mehdiyev yaradıcılıq axtarışlarından danışıb
   
   Yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşdırılan “Emalatxanada görüş” layihəsinin ilk tədbiri keçirildi.   
   Qalereyanın əməkdaşları tanınmış gənc heykəltəraş İmran Mehdiyevin emalatxanasında onun yaradıcılığı ilə yaxından tanış oldular. Heykəltəraş özünün yaradıcılıq axtarışları haqqında geniş bilgi verdi, gələcək planlarından danışdı. Bildirək ki, İ.Mehdiyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. O, mərhum Xalq rəssamı Rafiq Mehdiyevin nəvəsidir. 
   Gənc olmasına baxmayaraq, heykəltəraş bir sıra dövlət sifarişlərini yerinə yetirib. Yaratdığı “Xurşudbanu Natəvan” əsəri Belçikada ucaldılıb. “Müslüm Moqamayev” əsəri isə paytaxtımızda musiqiçinin adını daşıyan 26 saylı Uşaq musiqi məktəbində qoyulub. 
   Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Nərgiz Əsgərova bildirdi ki, layihə Azərbaycan təsviri sənətinin çağdaş inkişafını, rəssam və heykəltəraşların axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. 
   Məqsəd həmçinin gənc rəssamların emalatxanalarında yaradıcı proseslərlə yaxından tanış olmaq və müzakirələrin aparılmasına təkan verməkdir. Layihə çərçivəsində növbəti tədbir yanvarın 30-da olacaq. 
   
   S.Qaliboğlu