Pərviz Quliyev: “Operatordan fərqli olaraq fotoqraf daha sərbəstdir və istədiyi kadrı rahatca çəkə bilir”
   
   XIX əsrdə fotoaparatın ixtirası real görüntülərin olduğu kimi lentin yaddaşına, yaxud da kağıza köçürülməsinə şərait yaratdı. Bu gün foto tarixin, insan həyatının şəkillərdə donmuş anlarıdır. 
   Bu yazımızda Azərbaycanın kino tarixini, neçə-neçə görkəmli sənətkarın yaradıcılığını fotolarda yaşadan bir insanın həyat və sənət yolundan bəhs edəcəyik. Ömrünün 55 ilini kinoya həsr edən tanınmış fotoqraf, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyev bu il 75 yaşını qeyd edir.
   
   Eyvandan boylanan kino sevgisi
   
   Pərviz Əsəd oğlu Quliyev 1942-ci il yanvarın 19-da Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olsa da, foto sənətinə, ekran əsərlərinə sevgisi onu kino sahəsinə gətirib. Fotoqraf olaraq çalışmaqla yanaşı, Azərbaycan kinosunun foto arxivinin yaradılması və zənginləşdirilməsinə töhfələr verib. Bu xidmətlərinə görə 1977-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı, 1980-ci ildə “Kinematoqrafiya əlaçısı” nişanı, 1989-cu ildə “Əmək veteranı” medalı ilə təltif olunub. O, 2008-ci ildə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 
   Kiçik yaşlarından kinoya böyük həvəsinin olduğunu deyən Pərviz müəllim o illəri belə xatırlayır:
   - Evimizin eyvanı köhnə Bakı kinostudiyasının həyətinə baxırdı. O vaxt kinostudiyanın baş rəssamı Nadir Zeynalov idi. Saatlarla pəncərədən kino işçilərinin fəaliyyətini seyr edirdim. N.Zeynalov bir gün pəncərədən baxdığımı görüb məni yanına çağırdı və beləliklə bu prosesləri daha yaxından izləmək imkanı qazandım. Nadir müəllim kinoya sevgimi və marağımı görüb buraxılış vərəqəsi yazdırmışdı və mənim bütün çəkilişləri izləmək şansım yaranmışdı. Məktəb yaşlarımda atam mənə “Smena” markalı fotoaparat almışdı. Həyətimizdə özümə laboratoriya da yaratmışdım. Çəkilişləri seyr etməklə yanaşı, bəzən bir-iki kadr çəkib fotoaparatı gizlədərdim. “O olmasın, bu olsun” filminin (1965) çəkilişlərini gözəl xatırlayıram. Qonaqlıq səhnəsi ikinci mərtəbədə - studiyanın direktorunun kabinetində çəkilirdi. Qoçu Əsgərin (Möhsün Sənani) başına yumurta vurulması səhnəsi neçə dubl çəkilirdisə, kadr alınmırdı. Rejissor axırda dedi ki, gəlin, aktyoru geniş planla çəkək və assistent də yumurtanı çox yaxın məsafədən atsın. Nəhayət, kadr çox uğurlu alındı... 
   Həmsöhbətim bildirir ki, kino necə çəkilir, rejissor aktyorlarla nə cür işləyir kimi fikirlər həmişə onu düşündürürmüş. İştirak etdiyi çəkiliş proseslərində görkəmli rejissorlar Hüseyn Seyidzadə, Əlisəttar Atakişiyevlə tanış olur: “Əjdər İbrahimovla İçərişəhərdə “Bir məhəllədən iki nəfər” filminin çəkilişlərində tanış olduq. Mətbəə səhnəsinin çəkilişləri zamanı Moskvadan dəvət olunmuş aktyorlar Vadim Medvedyev və Semyon Sokolovski ilə çox maraqlı anları xatırlayıram. Medvedyev Moskvadan filmin çəkilişi üçün özünün xarici markalı maşınını gətirmişdi. Çəkiliş prosesində maşının zədələnməsi ona çox pis təsir eləmişdi”.
   Çəkilişlərinin şahidi olduğu filmlərin kadr arxası anları maraqlı xatirə kimi Pərviz Quliyevin yaddaşında yaşayır. O, “Böyük dayaq” filmində Ələsgər Ələkbərovun Həsən Məmmədova vurduğu həqiqi şillə və bundan sonra yaşananları həvəslə danışır. Ceyhun Mirzəyevlə dostluğunu, “Fəryad” filmində birgə çalışmalarını nisgillə yada salır. 
   
   Həyatda və sənətdə şanslı insan 
   
   Müsahibimin 1961-ci ildə kinostudiyaya işə qəbul olunmasının maraqlı tarixçəsi var:
   - Anam həkim işləyirdi. Görkəmli dramaturq Cəfər Cabbarlının oğlu Aydın Cabbarlı da həkim idi və anamla bir xəstəxanada çalışırdı. Anam kinonu hədsiz sevdiyimi ona söyləmişdi. O da bir gün məni kinostudiyaya gətirdi. On yeddi yaşım var idi. Kinostudiyanın direktoru Məhərrəm Aşumov foto sexinin rəisini çağırdı. Mənim laborant kimi onun yanında işləyəcəyimi dedi. Beləcə, 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında foto-laborant kimi fəaliyyətə başladım. Altıncı dərəcəli fotoqrafdan birinci dərəcəli rəssam-fotoqrafadək, laborantlıqdan foto sexinin rəisi vəzifəsinə qədər yüksəldim. Buna görə görkəmli sənətkar Adil İsgəndərova borcluyam.
   Ömrünün əsas hissəsini Azərbaycan kinosuna həsr edən qocaman fotoqraf həm sənətdə, həm də həyatda özünü şanslı, bəxti gətirən insan hesab edir: “Bəzən dostlarım zarafatla deyirlər ki, əmək kitabçasında bir möhür olan yeganə insan sənsən. Həqiqətən, Azərbaycan kinosunun nəhəng simaları ilə işləmək özü də böyük bir şansdır”. 
   Pərviz müəllim bildirir ki, kinoda foto işi artıq tarixə qovuşmaq üzrədir. Halbuki kino çəkilişləri fotodan başlanır. Filmə dəvət alan aktyorların pavilyonda əvvəlcə foto ilə sınaq çəkilişləri aparılırdı: “Aktyoru elə çəkməli idin ki, onun siması roluna uyğun gəlsin. Bundan sonra fotolara baxış, filmə aktyor seçimi başlanırdı. Əvvəllər filmlərin sənədləri (montaj vərəqi, rejissor ssenarisi, lentlərin pozitivi, neqativi və s.) içərisində şəkillərin də neqativi olmalı idi. Film yekunlaşandan sonra bu sənədlər mərkəzə - SSRİ Dövlət Kino Komitəsinə təhvil verilirdi. Bu günəcən “Azərbaycanfilm”də çəkilən bütün filmlərin neqativi sexdə qorunur. Filmin çəkilişləri zamanı operatordan fərqli olaraq fotoqraf daha sərbəstdir və istədiyi kadrı rahatca çəkə bilir”. 
   Həmsöhbətim müasir dövrdə rəqəmsal cihazlara görə foto işinin asanlıqla başa gəlməsindən söz açır. Bildirir ki, son illərdə çəkilən filmlərin əksəriyyətinin foto arxivi yetərincə deyil. Bu gün Azərbaycan Dövlət Film Fondunun foto arxivinin əsas hissəsini P.Quliyevin işləri təşkil edir. Kinostudiyanın arxivində qorunan “Bakının işıqları”, “Kəndlilər”, “Sevil”, “26-lar”, “Gilan qızı”, “Hacı Qara”, “Arşın mal alan”, “Fətəli xan” və digər filmlərin neqativlərini fonda təhvil verib.
   Azərbaycan kinosunun “qızıl dövrü”nün şahidi və iştirakçısı olan sənətkarın üç dəfə sərgisi təşkil edilib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinə həsr edilmiş fotosərgi böyük maraqla qarşılanıb. 
   O, “Azərbaycanfilm”in, Dövlət Film Fondunun, Naxçıvan Muxtar Respublikası Film Fondunun foyesinin tərtib edilməsində yaxından iştirak edib. Bu gün Dövlət Film Fondunda keçirilən bütün yubiley tədbirlərində fotostendlərin hazırlanmasında onun çəkdiyi fotoşəkillərdən istifadə edilir. Çəkdiyi şəkillər kinoya həsr olunmuş kitab və jurnallarda, kataloqlarda, “Kino ensiklopediyası”nda geniş yer alır. Pərviz müəllim indi də filmlərlə bağlı şəkillər üçün müraciət edənlərə bacardığı qədər kömək edir. Bu illər ərzində 7 kino fotoqrafı yetişdirib. Onların bəziləri bu gün də kino sahəsində və televiziyada çalışırlar. 
   Pərviz Quliyev ailəsinin də mədəniyyət və incəsənət sahəsinə bağlı olması ilə fəxr edir. Oğlanlarının biri musiqiçi, digəri rəssamdır. Həyat yoldaşı Firəngiz xanım uzun illərdir mədəniyyət sahəsində fəaliyyət göstərir. 
   Müsahibim sonda qəzetimiz vasitəsilə yubileyi münasibətilə onu təbrik edən hər kəsə dərin təşəkkürünü bildirdi. 
   
   Lalə Azəri