Gənc azərbaycanlı pianoçu Almaniya səhnəsində
Fevralın 4-də Almaniyanın paytaxtı Berlində gənc azərbaycanlı pianoçu Nərmin Nəcəfli “Müxtəlif dövrlərin musiqi ahəngləri” adlı konsert proqramı ilə çıxış edəcək.
Almaniyanın Şlos Britz Mədəniyyət Fondunun təşkil edəcəyi konsert proqramında istedadlı pianoçu dünyaca məşhur bəstəkarlar - İohann Sebastian Bax, Volfqanq Amadey Motsart, Frederik Şopen, Robert Şuman və Ferens Listin əsərlərindən parçalar səsləndirəcək. Konsert haqda ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: www.schlossbritz.de.
1996-cı ildə Bakıda dünyaya göz açan Nərmin Nəcəfli 2014-cü ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə (Əməkdar müəllim Ədilə Rəhimovanın sinfi) bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın Hannover şəhərində Musiqi, Dram və Media Universitetinin III kursunda (bakalavr) professor Bernd Goetzkenin sinfində oxuyur. N.Nəcəfli həm də imtahansız Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında instrumental ifaçılıq (fortepiano) ixtisası üzrə oxumaq hüququ qazanıb. 2012-ci ildə Estoniyanın Narva şəhərində IX Beynəlxalq Şopen müsabiqəsində I yerə layiq görülməsi ona bu imkanı yaradıb.
Pianoçu bir çox yerli və beynəlxalq müsabiqələrin laureatıdır, 2014-cü ildə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.