Azərbaycan
   
   1 fevral 1935 - Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov Bakıda anadan olub.
   1 fevral 2004 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Onlarla televiziya tamaşasına, “İtkin gəlin” çoxseriyalı televiziya filminə quruluş verib. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.
   
   2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 - 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.
   2 fevral 1912 - Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912 - 2.5.1969) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında baş rejissor işləyib.
   2 fevral 1932 - Dilçi alim, AMEA-nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axundov (1932 - 5.9.2015) Kürdəmirdə doğulub. AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik-katibi işləyib. “Şöhrət” ordeni ilə təltif edilib.
   2 fevral 1932 - Əməkdar mədəniyyət işçisi Zərifə Teymur qızı Salahova Bakıda anadan olub. Respublika “Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin yaradıcısıdır.
   2 fevral 1936 - Əməkdar mədəniyyət işçisi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşalara musiqi yazıb.
   2 fevral 1951 - Əməkdar mədəniyyət işçisi, kino xadimi Yusif Mənsur oğlu Şeyxov Bakıda anadan olub. "Arxada qalmış gələcək" bədii, bir neçə sənədli filmin, "Mozalan" kinojurnalı üçün süjetlərin ssenari müəllifidir. 
   2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
   
   3 fevral 1962 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Mövləvi (20.2.1900 - 1962) vəfat edib.
   3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə çəkilib. Televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   1 fevral 1895 - Amerika kinorejissoru Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub. Rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülüb.
   1 fevral 1942 - Rusiyanın Xalq artisti, məşhur müğənni Lev Leşşenko anadan olub. 
   1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 - 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. 200-dən çox mahnı yazıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

   2 fevral 1595 - Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen, 1595-1657) anadan olub. 
   2 fevral 1882 - Məşhur irland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.
   2 fevral 1873 - Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.
   2 fevral 1883 - Rus bəstəkarı Mixail Fabianoviç Qnesin (1883-1957) anadan olub. Beş bacısı tanınmış musiqiçi olub. Qnesinlərin adını daşıyan Rusiya Musiqi Akademiyasının əsasını onlar qoyublar.
   
   3 fevral 1809 - Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 - 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.
   3 fevral 1874 - Amerika yazıçısı Gertruda Stayn (Gertrude Stein; 1874-1946) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan