Heydər Əliyev Sarayında Tofiq Quliyevin xatirəsinə həsr edilmiş konsert
   
   Yanvarın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, unudulmaz melodiyaların, dillər əzbəri mahnıların müəllifi, Tofiq Quliyevin xatirəsinə həsr edilmiş “Könül nəğmələri” adlı konsert proqramı təqdim olunub. 
   Musiqi gecəsində xalq artistləri Samir Cəfərov, Brilliant Dadaşova, Ənvər Sadıqov, əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Fuad Musayev, Emiliya Yaqubova və “Sevil” vokal qrupu iştirak edib.
   Anşlaqla keçən konsertdə müğənniləri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.
   Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakıda dünyaya göz açıb. 1939-cu ildə Niyazi ilə birgə ilk estrada orkestrini yaradıb. Həmin ildən başlayaraq Tofiq Quliyev Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Dram Teatrı, S.Vurğun adına Rus Dram Teatrı, M.Yermolova adına Moskva Dram Teatrı, Gəncə Dram Teatrı və A.Şaiq adına Kukla Teatrı üçün 30-dan çox tamaşaya musiqi yazıb.
   1941-ci il sentyabrın 7-də Tofiq Quliyevin rəhbərliyi altında estrada orkestri Bakı Filarmoniyasında ilk konsert proqramı ilə çıxış edib. Bu kollektivlə Azərbaycanda milli caz musiqisinin əsası qoyulub. Görkəmli musiqiçi musiqi tariximizə estrada-caz musiqisinin banisi kimi daxil olub.
   Tofiq Quliyev 40-dan çox filmə musiqi yazıb. Bəstəkarın “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə yazdığı musiqilərin bir çoxu sonradan mahnı kimi populyarlıq qazanaraq bir çox müğənni və kollektivlərin repertuarında özünə möhkəm yer tutub. O, 1958-1959-cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildən isə filarmoniyanın direktoru olub.
   1998-ci ildə Tofiq Quliyev müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilib. 
   Sənətkar 2000-ci il oktyabrın 4-də vəfat edib.