Azərbaycan
   
   4 fevral 1939 - Xalq artisti Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.
   4 fevral 1945 - Görkəmli müğənni və bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlu anadan olub. “Eşq və ölüm” baleti, 100-dək mahnı, “Qorxma, mən səninləyəm”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Ən vacib müsahibə”, “İstintaq davam edir”, “Sevinc buxtası”, “Hökmdarın taleyi”, "Dolu" və s. filmlərə musiqi yazıb. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir.
   4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılova anadan olub. Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları ifa edib.
   
   5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 - 13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, prelüd, sonata və romansların müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə musiqi yazıb.
   5 fevral 1930 - Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, onlarla mahnı və təsnifin müəllifidir.
   5 fevral 1934 - Əməkdar incəsənət xadimi, musiqişünas, professor Aida Zeynal qızı Tağızadə Şuşada anadan olub. 
   5 fevral 1948 - Şair, dramaturq Mərkəz Mikayıl oğlu Qacar (1948-2013) Füzuli şəhərində doğulub. İxtisasca hüquqşünas olub. Təmsil, qəzəl, poema, dram əsərlərinin müəllifidir.
   5 fevral 1991 - Ali Sovet Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul edilib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın dövlət rəmzi kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilib.
   5 fevral 1963 - Əməkdar artist Münəvvər Səməd qızı Kələntərli (1912-1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, opera tamaşalarında, musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   6 fevral 1924 - Xalq artisti Firəngiz Şərifova (1924 - 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. "Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, «Bayquş gələndə”, "Qətl günü" və s. filmlərdə çəkilib. 
   6 fevral 1927 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
   6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Milli Dram Teatrında çalışır. Teatrla yanaşı, televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   6 fevral 1946 - Xalq artisti Yusif Axundzadə Bakıda doğulub. Müdafiə Nazirliyi hərbi orkestr xidmətinin rəisi və baş dirijoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasının professorudur.
   6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 - 25.12.2016) Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə məşğul olub. “Şöhrət” ordeni ilə təltif edilib.
   
   7 fevral 1924 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1924 - 21.3.1981) Bakıda doğulub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafında xidmətləri var.
   7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 - 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
   
   Dünya
   
   4 fevral 1873 - Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.
   4 fevral 1915 - İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub.
   
   5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull; 1810-1880) anadan olub.
   5 fevral 1864 - Alman bəstəkarı, çoxsaylı hərbi marşların müəllifi Karl Teyke (Carl Albert Hermann Teike, 1864-1922) anadan olub.
   
   6 fevral 1894 - Gürcü rejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
   6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.
   
   7 fevral 1812 - İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 1812-1870) anadan olub. Realist sosial romanın yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir. 
   7 fevral 1885 - Amerika yazıçısı, amerikalı ədiblər arasında ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir. 
   7 fevral 1929 - Türk şairi və aktrisası Könül Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir.
   7 fevral 1954 - Alman müğənnisi, bəstəkar və prodüseri Diter Bolen (Dieter Bohlen) anadan olub. 80-ci illərin məşhur “Modern Talking” qrupunun yaradıcısı kimi tanınıb. 
   
   Hazırladı: Vüqar Orxan