Yeni musiqi albomunda dahi bəstəkarın irsindən 23 nümunə yer alıb
Qara Qarayev çağdaş Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz rolu olan bəstəkardır. Onun dərin fəlsəfi məzmunu və yüksək professionallığı ilə seçilən əsərləri dünyanın bir çox ölkələrində şöhrət qazanıb. Dahi bəstəkarın zəngin musiqi irsinə layiqli töhfələrdən biri onun doğum günü ərəfəsində gerçəkləşdi. Qara Qarayev musiqisinin vurğunları ümumbəşəri və milli ənənələri bir araya gətirən bəstəkarın əsərlərini ilk dəfə olaraq orqan aləti üçün işlənmiş variantda dinləmək imkanı qazandılar.
Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayevin əsərlərinin orqan üçün işləmələrindən ibarət kompakt diskin (CD) təqdimatı keçirildi. Layihənin ideya müəllifi tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqdir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən təqdimat mərasimində ilk olaraq Xalq artisti, rejissor Oqtay Mir Qasımın lentə aldığı “Qara Qarayev” sənədli filmindən kadrlar nümayiş olundu.
Tədbirdə çıxış edən BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirdi ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb. O, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.
F.Bədəlbəyli gələn il dahi bəstəkarın 100 illik yubileyinin qeyd ediləcəyini diqqətə çatdırdı: “Hər birimiz Azərbaycan musiqisində iz qoyan musiqi xadimlərinin irsini yaşatmaq, təbliğ etmək üçün çalışmalıyıq”.
Bəstəkarın çoxşaxəli yaradıcılığından söz açan rektor onun musiqi əsərlərinin belə bir diskdə yer almasını yüksək qiymətləndirdi, bu işdə əməyi olanlara minnətdarlığını bildirdi.
Layihənin müəllifi Cəmilə Cavadova-Spitsberq çıxış edərək diskin ərsəyə gəlməsində köməyi olan hər kəsə təşəkkür etdi. Bildirdi ki, layihə Niderland Krallığının Rottendam şəhərindəki St.Laurens kilsəsində reallaşdırılıb. Əsərlər 85 səs çaları olan orqanda ifa edilib. Azərbaycan musiqisinin təbliğinə xidmət edən bu layihə sayəsində Niderland, ABŞ, Macarıstan, Kanada kimi ölkələrin musiqiçiləri Qara Qarayev dühası ilə tanış olmaq imkanı qazanıblar.
Musiqi albomunun ərsəyə gəlməsindən bəhs edən Cəmilə Cavadova-Spitsberq bildirdi ki, ötən ilin may ayından başlanan işləmələr avqustda yekunlaşıb. Diskdə 15 prelüd, “Tsarskoye selo heykəli”, “Don Kixot” simfonik qravürləri, “İldırımlı yollarla” baletindən “Laylay” və “Ehtiraslı qızın rəqsi”, “Yeddi gözəl” baletindən vals - ümumilikdə 23 musiqi nümunəsi yer alıb.
“Qara Qarayev musiqisinə müraciət etməyimin başlıca məqsədi onun unikal bəstəkar olmasındadır. Əsərlərinin məzmunu Azərbaycana yaxın, milli xüsusiyyətləri özündə ehtiva etsə də, Qərb üslubundadır və dünyəvilik baxımından daha anlayışlıdır. Görkəmli bəstəkar heç zaman orqan üçün əsərlər yazmayıb. Təqdim etdiyimiz yeni işləmələr bəstəkarın yaradıcılığına bir töhfədir və ilk dəfə həm Azərbaycan, həm də dünya dinləyiciləri Qara Qarayevin əsərlərini orqan alətinin ifasında dinləyəcəklər”, - deyə layihə müəllifi əlavə etdi.
O, bəstəkarın əsərlərinin orqan üçün işləmələrini ilk dəfə Bakı Musiqi Akademiyasının professoru Tahirə Yaqubovanın hazırladığını vurğulayaraq bu işdə ona dəstək olduğuna görə müəlliminə təşəkkürünü bildirdi.
Sonra Cəmilə Cavadova-Spitsberqin Azərbaycanda orqan musiqisinin tarixinə həsr olunan qısa məruzəsi dinlənildi.
Təqdimat mərasimi diskə daxil edilən kompozisiyaların səsləndirilməsi ilə davam etdi.
Lalə Azəri