“Ad günü” filmi Moskvada bərpa olunur. Bu barədə məlumat verən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin sözlərinə görə, bərpa işi gələn il başa çatacaq.
Xatırladaq ki, lirik-psixoloji janrda lentə alınmış film dostluq haqqındadır. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, dünyagörüşlü insanlar. Filmdə əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.
1978-ci ildə Rasim Ocaqovun rejissorluğu ilə çəkilən film VIII Ümumittifaq televiziya filmləri festivalında birinci yerə layiq görülüb. Filmdə baş rollara Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Şükufə Yusupova və başqaları çəkiliblər.