Mayın 15-dən 18-dək Fransada və İsveçrədə həmvətənimiz Adilə Əliyevanın adını daşıyan 11-ci Beynəlxalq pianoçular müsabiqəsi keçiriləcək.
Müsabiqənin fəxri prezidenti tanınmış bəstəkar və dirijor, Fransa İnstitutunun rektoru Loran Petijirar, münsiflər heyətinin sədri Adilə Əliyevadır. Tədbir Fransanın Anmas şəhərinin meri, “Agglo of Annemasse” qurumunun prezidenti Kristian Dupesseyin himayəsi ilə təşkil ediləcək.
Müsabiqənin saytında yer alan məlumata görə, final konserti mayın 18-də BMT-nin Cenevrədəki ofisində olacaq. Müsabiqənin qalibi üçün 15 min avro məbləğində pul mükafatı nəzərdə tutulur.
Müsabiqənin proqramına görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərləri də daxil edilib.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva Bakıda anadan olub. Sonralar Moskvaya köçən Adilə Əliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Fransada yaşayan həmvətənimizin adını daşıyan pianoçular müsabiqəsi iki ildən bir keçirilir. Adilə Əliyeva 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.
Müsabiqə haqqında ətraflı məlumatı bu linkdən öyrənmək mümkündür: