Fevralın 16-da altıncı “Muğam televiziya müsabiqəsi”nin seçim turları başa çatacaq.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən bildirilib ki, münsiflər heyəti fevralın 13-dən başlayaraq müsabiqəyə Bakı şəhərindən qatılan 170 gəncin ifasını dinləyir.
Ümumiyyətlə, builki müsabiqənin seçimlərinə 300-dən çox ifaçı qatılıb. Onlardan 6-sı qonşu İrandandır. İsmayıllı, Gəncə, Bərdə və Ağcabədidə keçirilən seçimlər zamanı 38 ifaçı müsabiqənin II turuna vəsiqə qazanıb.
Altıncı “Muğam televiziya müsabiqəsi”nin martda başlaması gözlənilir.
Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.