Fevralın 10-da Azərbaycan Dövlət Filarmoniyasında Bakı şəhəri Rəşid Behbudov adına 2 nömrəli onbirillik Uşaq musiqi məktəbinin 85 illiyinə həsr edilmiş konsert proqramı təqdim olundu.
   Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev nazir Əbülfəs Qarayevin məktəbin kollektivinə ünvanlanan təbrik məktubunu oxudu. Təbrikdə təhsil ocağının Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr yüksək dəyərləndirilir, kollektivin bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzulanırdı.
   Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək məzunu olduğu təhsil ocağının yaranma tarixi və fəaliyyəti haqqında söz açdı. Bildirdi ki, Azərbaycanda ən qocaman təhsil ocaqlarından olan 2 nömrəli Uşaq musiqi məktəbi 1931-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılıb, məktəbin ilk direktoru Fatma Səmədova olub. Sonra təhsil ocağına Zivər İbrahimova rəhbərlik edib. 1986-cı ildən bu günə kimi məktəb Əməkdar mədəniyyət işçisi Qəmər Quliyevanın rəhbərliyi ilə fəaliyyət göstərir.
   Qeyd olundu ki, təhsil ocağında L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və başqa musiqiçi-pedaqoqlar dərs deyib. İlk illərdə Azərbaycan Dövlət Filarmoniyasının binasında yerləşən məktəb 1940-cı il sentyabrın 1-dən müstəqil fəaliyyət göstərib. Ötən illər ərzində məktəbdə tanınmış musiqiçilər nəsli yetişib. Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, əməkdar incəsənət xadimləri - musiqişünaslar İmruz Əfəndiyeva, Həcər Babayeva, bəstəkarlar Azər Dadaşov, Gövhər Həsənzadə, Əməkdar artist Adil Gəray və başqaları bu təhsil ocağının yetirmələridir. Həmçinin dirijor Əyyub Quliyev, əməkdar artistlər Elnur Əhmədov, xanəndə Fərqanə Qasımova, pianoçu Nigar Məlikova, skripkaçı Vadim Sandler də məktəbin tanınan məzunları sırasındadır.
   Diqqətə çatdırıldı ki, 1990-cı ildə məktəbə dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 nömrəli Uşaq musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib. Məktəbin şagirdləri respublika və beynəlxalq müsabiqələrdə uğur qazanırlar. Təhsil ocağının nəzdində şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir. 
   Sonra səhnə şagirdlərin ixtiyarına verildi. Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri ilə eyni səhnəni bölüşmək şagirdlər üçün əsl iftixar hissi olmaqla yanaşı, həm də yüzlərlə tamaşaçı qarşısında böyük məsuliyyət idi. Yubiley konsertinə yüksək səviyyədə hazırlaşan kollektiv üzərinə düşən missiyanın öhdəsindən bacarıqla gələ bildi. Şagirdlərdən Nurlan Mustafazadə, Ceyla Babayeva, Leyla Hüseynli, Leyla Tomayeva, Rauf Nəcəfzadə, Mirəli Əlizadə, Nazənin Mustafazadə, Reyhan Abdulcəlilova, İlahə Nəcəfzadə, Leyla Məmmədzadə və məktəbin birləşmiş xor kollektivinin çıxışları böyük alqışlarla qarşılandı. Gecədə A.Rzayev, F.Mendelson, E.Qriq, C.Rossini, T.Quliyev, V.A.Motsart, L.V.Bethoven, V.Monti, K.Qardel və digər bəstəkarların yaradıcılığından nümunələr səsləndirildi.
   Konsert proqramı bir daha sübut etdi ki, 85 illik yubileyini qeyd edən təhsil ocağının kollektivi qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş imkanlara malikdir.
   
   Lalə Azəri