Azərbaycan
    
   15 fevral 1909 - Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909 - 7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, teatrda 200-dək rol oynayıb.
   15 fevral 1932 - Fəlsəfə elmləri doktoru, professor İzzət Əşrəf oğlu Rüstəmov Gədəbəy rayonunun Düz-Rəsullu kəndində anadan olub. Azərbaycan Respublikası Baş nazirinin müavini (1994-1999) vəzifəsində işləyib.
   15 fevral 1933 - Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 - 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. 1956-cı ildən Milli Dram Teatrında çalışıb. "Onu bağışlamaq olarmı?", “Qırmızı qar” filmlərində, “Göz həkimi” televiziya tamaşasında çəkilib.
   15 fevral 2005 - Xalq artisti Xuraman Hacıyeva (7.3.1945 - 2005) vəfat edib. 1965-ci ildə "Arşın mal alan" filmində oynadığı Asya rolu ilə məşhurlaşıb. Gənc Tamaşaçılar Teatrında, bir müddət Naxçıvan Musiqili Dram Teatrında çalışıb.
   15 fevral 1946 - Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946 - 8.3.2006) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, bir müddət (2002-2006) teatra rəhbərlik edib. Kinoda (“Qızıl uçurum”, “Nəğmə dərsi”, “Küçələrə su səpmişəm” və s.) yaddaqalan obrazlar yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” - Nazim, 1978) layiq görülüb.
   
   16 fevral 1873 - Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov (1873-1925) anadan olub. Bakıda Təzəpir məscidi onun layihəsi əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olub.
   16 fevral 1916 - Görkəmli sənətşünas, akademik Əbdülvahab Salamzadə (1916 - 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair dəyərli tədqiqat əsərlərinin, “Abidələr danışır”, «Azərbaycan memarlıq abidələri» və s. kitabların müəllifidir.
   16 fevral 1918 - Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 - 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindən biri olub.
   16 fevral 1945 - Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 - 1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və 30 ildən artıq əvəzsiz ifaçısı olub.
   16 fevral 1935 - Xalq rəssamı, heykəltəraş Fazil İmamverdi oğlu Nəcəfov anadan olub. Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsinin müəllifidir.
   
   Dünya
    
   15 fevral 1564 - Məşhur italyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei, 1564-8.1.1642) anadan olub.
   15 fevral 1882 - Amerika aktyoru, səssiz kinonun ulduzlarından Con Berrimor (John Barrymore - əsl adı John Sidney Blyth; 1882-1942) anadan olub.
   15 fevral 1906 - Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində əsir götürülüb (1942), Berlində Moabit həbsxanasında öldürülüb. Onun belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.
   15 fevral 1914 - Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub. 
   
   16 fevral 1834 - Alman alimi və filosofu, “ekologiya” termininin müəllifi Ernst Hekkel (Ernst Heinrich Philipp August Haeckel, 1834-1919) anadan olub. 
   16 fevral 1845 - Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan, 1845-1924) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan