Fevralın 17-də Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqoq, Qara Qarayev məktəbinin layiqli davamçısı Məmməd Quliyevin (1936-2001) anadan olmasının 80 illiyi ilə əlaqədar yubiley gecəsi keçiriləcək. Tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası və solistlər iştirak edəcəklər.
Məmməd Quliyev milli musiqi mədəniyyəti tariximizdə iz qoymuş bəstəkardır. O, yeddi simfoniya, “Aldanmış ulduzlar” operası, instrumental konsertlər, irihəcmli xor əsərləri, “Dədə Qorqud diyarı” kantatası, “Şəbi-hicran” lirik poeması, “Simfoniya-rekviyem”, bir çox kamera-instrumental əsərlərin müəllifidir. Bəstəkar görkəmli simfonist kimi bu janrı inkişaf etdirərək onu milli ənənələr və muğam ünsürləri hesabına zənginləşdirib.