Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində görkəmli rəssam Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş “Qəlbin rəngləri” sənədli filminin təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq rəssam Tahir Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşları, kino ictimaiyyəti və rəssamın yaxınları iştirak edirdilər.
Mərasimdə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirdi ki, son zamanlar beynəlxalq miqyasda informasiya texnologiyalarının inkişafı, Avropada insanların dərin təfəkkürünün formalaşması sənədli kinonun müxtəlif janrlarının inkişafına gətirib çıxarıb: “Vaxtilə çox populyar olmayan portret janrı inkişaf edir. Təbii ki, bizim ölkə də dünyada kinematoqrafiya sahəsində gedən inkişafdan və mürəkkəb hadisələrdən kənar qala bilməz. Bu gün Mədəniyyət və Turizm Nazirliyi müxtəlif sənədli film layihələri həyata keçirir. Bu layihələrdən biri də görkəmli rəssamımız Tahir Salahova həsr olunmuş filmdir. Sənədli filmin portret janrında təqdim olunan insan maraqlı olduqda, film də kinematoqrafik detallarla zəngin olur. “Qəlbin rəngləri” sənədli filminin qəhrəmanı Tahir Salahov da həqiqətən dahi şəxsiyyətdir. Qəhrəmanın bu xüsusiyyətləri portret janrını baxımlı edən faktlardır. Buna görə filmdə Tahir Salahov şəxsiyyəti çox maraqlı və canlı əks olunub ”.
Filmin rejissoru Ziya Şıxlinski yaradıcı heyətin adından hamıya təşəkkür etdi. O bildirdi ki, yaradıcı heyətin qarşısında bir məqsəd olub: “Böyük rəssamın əsərlərinə heyran olaraq bir film çəkmək. Bu üsulla işləməklə biz filmi ərsəyə gətirdik. “Qəlbin rəngləri”nin necə alınması isə ekranda daha aydın bilinəcək”.
Sonra film nümayiş olundu. Film rəssamın özü haqqında söhbəti ilə başlayır və onun söhbəti ilə də qurtarır. Tahir Salahov filmdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, sonra isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda aldığı təhsilindən bəhs edir. Ekran əsəri Qara Qarayevin musiqisi ilə müşayiət olunur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında hazırlanan filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasov, montaj rejissoru Mübariz Nağıyevdir.
Qeyd edək ki, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiya Federasiyasının Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, dünyanın 20-dən artıq rəssamlıq akademiyasının və yaradıcılıq təşkilatının üzvüdür.
İntiqam Hacılı