Türkdilli ölkələrin müasir estrada musiqisi yarışması - “Türkvizyon” (“Turkvision”) bu il Qazaxıstanda keçiriləcək. Bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyindən bildiriblər.
Qeyd edək ki, “Türkvizyon” müsabiqəsi Türk Musiqi Birliyi (TMB) televiziya kanalının layihəsidir. Layihəyə TÜRKSOY və digər qurumlar dəstək verir.
Müsabiqədə həm türkdilli ölkələrin nümayəndələri, həm də digər ölkə və regionlardan türk əsilli ifaçılar iştirak edə bilər.
Müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyədə (Əskişəhər) keçirilib. İkinci müsabiqəyə 2014-cü ildə Tatarıstanın Kazan şəhəri ev sahibliyi edib. Qeyd edək ki, bu şəhərlər həmin illərdə həmçinin TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu. Təşkilatçıların istəyi müsabiqəni hər il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən şəhərdə keçirmək idi. Amma 2015-ci ildə müsabiqəyə İstanbul ev sahibliyi etdi. Həmin il Türkmənistanın Marı (Mərv) şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” olmuşdu.
2016-cı ildə “Türkvizyon” yarışması gerçəkləşmədi. Ötən il “mədəniyyət paytaxtı” missiyasını Azərbaycanın Şəki şəhəri daşımışdı. Bu il isə “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhəri davam etdirir.
Xatırladaq ki, İstanbulda keçirilən sonuncu yarışmaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İran, Albaniya, Moldova (Qaqauz Yeri), Rumıniya, Ukrayna, Belarus, Makedoniya, Kosovo, Serbiyanın Sancaq bölgəsi, Suriya (Bayırbucak) və İraq türkmənlərinin təmsilçiləri qatılmışdı. Münsiflər heyətinin verdiyi ballara əsasən «Türkvizyon-2015»in qalibi Qırğızıstan təmsilçisi Jiydeş İdirisova olmuş, ikinci yeri Qazaxıstanın “Orda” qrupu, üçüncü yeri isə Türkiyə təmsilçisi Görkem Yılmaz qazanmışdı.