Fevralın 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar-pedaqoq Məmməd Quliyevin 80 illiyinə həsr olunan xatirə gecəsi keçirildi. 
   Tədbirdə Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış edərək tanınmış sənətkarın həyatından söz açdı. Bildirdi ki, Məmməd Quliyev musiqi mədəniyyəti xəzinəmizi maraqlı əsərləri ilə zənginləşdirib, yaradıcılığında xalq musiqisinə böyük önəm verib. 
   Qeyd olundu ki, M.Quliyev 9 fevral 1936-cı ildə Göyçay rayonunda anadan olub. Bakıda Musiqi Texnikumunda tar ixtisası üzrə təhsil alıb. Təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinfində davam etdirib. Onun diplom işi kimi yazdığı simfoniya dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilib. İlk uğur onun simfonik musiqi sahəsində gələcək taleyini müəyyənləşdirir. Yeni yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın əsərləri ümumittifaq müsabiqələrində, müxtəlif tədbirlərdə uğurla səsləndirilir. M.Quliyevin simfoniyaları, instrumental konsertləri, irihəcmli xor əsərləri, o cümlədən şair Fikrət Qocanın sözlərinə yazılan “Dədə Qorqud diyarı” kantatası, M.Füzulinin sözlərinə “Şəbi-hicran” lirik poeması, Xocalı soyqırımına həsr etdiyi “Simfoniya - rekviyem”, 20 Yanvar şəhidlərinə həsr etdiyi “Rekviyem” və çoxsaylı kamera-instrumental əsərləri musiqi ictimaiyyəti və dinləyicilər tərəfindən maraqla qarşılanıb. 
   Sonrakı mərhələdə vokal musiqi janrına müraciət edən bəstəkar səs və simfonik orkestr üçün yazdığı “7 Azərbaycan xalq mahnısı” məcmuəsində xalq mahnılarından (“Dəli ceyran”, “Süsən-sünbül” və s.) geniş şəkildə yararlanıb. M.Quliyevin 20 pyesdən ibarət olan “Fortepiano üçün albom” əsəri də orijinallığı ilə seçilir. Bəstəkar burada müxtəlif lad-məqamlardan istifadə edərək hər muğamı bir pyes şəklində təqdim edir. M.F.Axundzadənin “Aldanmış kəvakib” povesti əsasında yazdığı “Aldanmış ulduzlar” satirik operası bu janrın yeganə nümunəsi hesab edilir. Bəstəkar şair Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi “Nizami” oratoriyasında yeni ifadə vasitələrinə müraciət edib, vokal-səhnəciklərdə ilk dəfə qroteskdən yararlanıb. 
   40 ildən artıq müddətdə indiki Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olan bəstəkar gənc musiqiçi nəsillərinin yetişməsində əlindən gələni əsirgəməyib. Görkəmli bəstəkar və pedaqoq 2001-ci ildə vəfat edib. 
   Çıxışdan sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın “Çağırtılar”, “Xəmsə”dən damlalar”, “Gəl bizə”, “Ceyran”, “Şəbi-hicran”, “Rekviyem”, “Dədə Qorqud diyarı-Azərbaycan” əsərləri səsləndirildi. 
   
   Savalan Fərəcov