Fevralın 23-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Xocalı - dərdimin zirvəsi kimi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qeyd edib ki, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur. Azərbaycan xalqı bu faciəni 25 ildir ki, ürəkağrısı ilə öz qəlbində yaşadır. Xocalı soyqırımı davakar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir və ötən əsrin Xatın, Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Tədbir uşaqların ifası ilə davam edib. Nizami rayon Uşaq yaradıcılıq mərkəzinin üzvləri faciə qurbanlarından bəhs edən pantomima səhnəciyi və kompozisiya ilə çıxış ediblər.
Tədbirdə Nəsimi rayonu 46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzi, 201 saylı orta məktəb, “Palitra” və “Tamara” art studiyaları, Bakı Modern məktəbinin müəllim və şagirdləri, uşaq yazarları, “3 Alma” nəşriyyatının əməkdaşları iştirak edib. Sonda iştirakçılar kitab sərgisi və uşaqların çəkdikləri rəsm əsərləri ilə tanış olublar.