ABŞ-da fəaliyyət göstərən “Qarabağ” fondu Azərbaycan mədəniyyətinin təbliği istiqamətində həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində Vaşinqtonda Azərbaycan kinosu günləri təşkil edib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Məhkumlar” filmi Vaşinqtonun mərkəzində yerləşən “Leteliye” kinozalında, sonra isə nüfuzlu Corc Meyson Universitetində yeni yaradılan Azərbaycanlı Tələbələr Assosiasiyasının dəstəyi ilə bu ali təhsil ocağının tələbə və professor-müəllim heyəti qarşısında nümayiş etdirilib.
Hər iki nümayişdən sonra filmin rejissoru Mehriban Ələkbərzadə ilə müzakirə keçirilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin kino sənayesinin dirçəlişi haqqında danışan rejissor “Məhkumlar” filmində Bakının yaxınlığındakı Umbakı qəsəbəsində Qafqaz bölgəsinin yeganə “Cüzam” klinikasında müxtəlif millətlərdən olan xəstələrin müalicəsindən bəhs edildiyini deyib.
Rejissor Mehriban Ələkbərzadə “Qarabağ” Fondunun səyləri ilə Vaşinqtonun beynəlxalq mədəniyyət və kino ilə məşğul olan bir sıra təşkilatlarında görüşlər keçirib.